Qarabağ

“Amnesty International” Ermənistanı cinayətkar SAYDI

“Amnesty International” təşkilatı Ermənistan qüvvələrinin zərbələri nəticəsində Azərbaycanın şəhər və kəndlərində 72 dinc sakinin öldürüldüyü 8 raket zərbəsini sənədləşdirib.

ENA.az xəbər verir ki, “Amnesty International” insan haqları təşkilatı İkinci Qarabağ müharibəsində onlarla dinc sakinin ölümünü araşdırıb. Qurum bu haqda yanvarın 14-də hesabat yayıb.

Təşkilat araşdırmaçılarının Azərbaycan və Ermənistanda zərbə endirilmiş onlarla əraziyə baş çəkdiyini qeyd edir.

Qurum qeyd edir ki, müharibə zamanı dəfələrlə sıx yaşayış məskənlərinə atəş açılıb. Bununla da beynəlxalq humanitar hüquq pozulub, onlarla dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb, evlər, vacib infrastruktur dağıdılıb.

“Dinc sakinlər öldürülüb, ailələr məhv edilib, saysız ev dağılıb, çünki münaqişə tərəfləri şəhərlərə qarşı qeyri-dəqiq silahlardan istifadə edib”, – “Amnesty International”ın Şərqi Avropa və Orta Asiya üzrə direktoru Mari Struters deyib.

Hesabatda bildirlib ki, oktyabrın 17-də Gəncədə yaşayış məntəqəsinə SCUD-B ballistik raketinin atılması nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb.

Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə kaset bombasının atılması nəticəsində beş nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Hesabatda həmçinin bildirilir ki, oktyabrın 28-də erməni qoşunları cəbhə xəttindən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərinə bir neçə irikalibrli raket atıb. Raketlərdən biri, içərisində 72 kasset bombası olan "Smerç" raketi insanların sıx olduğu əraziyə düşüb və nəticədə 21 nəfər həlak olub.

"Amnesty International" əlavə edib ki, sentyabrın 27-də Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi nəticəsində bir ailənin 5 üzvü həlak olub.

"Amnesty International" Azərbaycan və Ermənistan hakimiyyətini belə hücumları qərəzsiz araşdırmağa çağırıb.

Sentyabrın 27-də başlanan, noyabrın 10-da dayandırılan əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Ancaq qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)