Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunacaq
AMEA-nın Yüksək Texnologiyalar Parkı elm və innovasiya yönümlü yerli şirkətləri rezident olmağa, Parkda yaradıan imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edib.
Qurumun mətbuatda xidmətindən "ENA"ya verilən məlumata görə, Texnopark yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastruktura malikdir.
Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq Texnoparkın əsas məqsədlərindəndir.
Yüksək Texnologiyalar Parkı innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı üçün böyük üstünlüklər təklif edir. Belə ki, Park ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.
Həmçinin Yüksək Texnologiyalar Parkının rezidentləri qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xəttləri ilə təmin olunur. Bu isə sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır.
Rezident olmaq istəyən namizədlər üçün Yüksək Texnologiyalar Parkının www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.
Əlaqə nömrələri: (+994 12) 376 67 56, (+994 50) 210 44 65