Azərbaycan hərbçiləri Zəngəzurun kəndinə daxil oldu - Foto
Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi iş gedir. Proses qonşu ölkədə nə qədər böyük narazılıqla qarşılansa da, razılaşmanın şərtləri yerinə yetirilir.
zərbaycanlı hərbçilər yanvarın 2-də Zəngəzurun kəndinə daxil olub. Sosial şəbəkələrdə, Ermənistan saytlarında yayılan video və fotolarda bizim əsgərlərin Şurnuxuya girməsi görünür. Ermənistanda Sünik (Zəngəzur) vilayəti adlandırdığı ərazinin yaşayış məntəqəsinin bir hissəsi tarixi vətəninə qaytarılır.
Akop Arşakyan
Şurnuxunun kənd icmasının rəhbəri Akop Arşakyan sosial şəbəkədə canlı yayım açaraq real vəziyyəti göstərib. Azərbaycanlı hərbçilər torpaqlarımızın geri qaytarılması üçün konkret addım atıblar. Kənd icmasına xəbərdarlıq olunub. Yanvarın 5-nə qədər uyğun ərazi Ermənistanın nəzarətindən çıxır.
“Onlarda da xəritə var, bizdə də. Sərhəd kəndin ərazisindən keçməməlidir. Amma indi məlum olur ki, kitabxana onlarda qalacaq”,- Arşakyan belə deyib.
Azərbaycan nümayəndələri Şurnuxu kəndində
Kənd icmasının rəhbəri çox sarsıldığını gizlətməyib. O, dilxorluğunu “hər şey bitdi” ifadəsi ilə çatdırıb.
Azərbaycan torpaqları zəbt edəndən sonra Ermənistan Zəngilan ərazisinin bir hissəsini Sünik vilayətinin nəzarətinə vermişdi. Azərbaycanın qələbəsindən sonra əldə olunan razılaşma isə sərhədlərə yenidən baxmaq zərurəti ortaya çıxarıb. Bu halda həmin ərazilər Azərbaycana qaytarılmalıdır.
Şurnuxu kəndi Gorus rayonunun ərazisinə daxil idi. Yaşayış məntəqəsi Ağbulaq, Şamsız, Şahverdilər, Çayzəmi kəndlərinin yaxınlığında, Qafan-Gorus magistral yolunun kənarında yerləşir. Kənddə ən qədim zamanlardan azərbaycanlılar yaşayıb. Hələ 1918-ci ildə də düşmən tərəf Şurnuxunu viran qoymuşdu.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə 20 ərazi vahidinin müzakirə mövzusu olduğunu bildirmişdi və bu açıqlama ölkədə böyük etirazla qarşılanmışdı.
Bizimyol.info