Bank əməliyyatlarının 75%-i nağdlaşdırma olub
2020-ci ilin Noyabr ayı ərzində Azərbaycanda POS-terminallar ilə nağdsız ödənişlərin cəmi həcmi 226 milyon manat təşkil edib. Mərkəzi Bank xəbər verir ki, bu, indiyədək POS-terminallar ilə həyata keçirilmiş ən yüksək aylıq nağdız ödənişlərdir.
Əvvəlki ən yüksək məbləğdə aylıq ödəniş 206 milyon manat olmaqla bu ilin Sentyabr ayında qeydə alınmışdı.
2020-ci ilin 11 ayı ərzində POS-terminallar ilə nağdsız ödənişlər 1 milyard 904 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə POS-terminallar ilə nağdsız ödənişlər 1 milyard 168 milyon manat təşkil etmişdi. Beləliklə, ötən ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında POS-terminallar ilə nağdsız ödənişlər 736 milyon manat və ya 63% artıb.
2020-ci il ərzində POS-terminallar ilə nağdsız ödənişlər illik olaraq da rekord qıracaq. 11 aydakı POS-terminallar ilə nağdsız ödənişlərin məbləği (1 milyard 904 milyon manat) indiyədək ən yüksək illik həcmlərdən belə yüksəkdir.
POS-terminallar ilə nağdsız ödənişlər 2016-cı ildə 527 milyon manat, 2017-ci ildə 807 milyon manat, 2018-ci ildə 1 milyard 115 milyon manat, 2019-cu ildə isə 1 milyard 333 milyon manat təşkil etmişdi.
2020-ci il ərzində POS-terminallar ilə nağdsız ödənişlərin məbləğinin 2 milyard manatı aşacağı gözlənilir.
POS-terminallar ilə nağdsız ödənişlərin əməliyyat sayında rekord bu ilin Sentyabr ayında qeydə alınıb. Həmin ay əməliyyatların sayı 4 milyon 711 min olub.
Bu il POS-terminallar ilə hər ödənişin məbləği orta hesabla 40-50 manat civarında olub.
Noyabr ayında ölkə daxilində cəmi nağdsız ödənişlər (ATM-lər, POS-terminallar və elektron ticarət vasitəsilə) 569 milyon manat ilə rekord qırıb. Əvvəlki rekord 558 milyon manat ilə bu ilin sentyabr ayında qeydə alınmışdı.
2020-ci ilin 11 ayı ərzində ATM-lər, POS-Terminallar və elektron ticarət vasitəsilə cəmi nağdsız ödənişlər 5 milyard 405 milyon manat təşkil edib. Bu, indiyədək qeydə alınmış ən yüksək illik nağdsız ödənişlər həcmlərindən də yüksəkdir. 2019-cu ildə nağdsız ödənişlərin həcmi 4 milyard 479 milyon manat təşkil etmişdi.
“ƏDV-ni geri al” aksiyası, təmassız kartlarda şifrəsiz ödəniş limitinin artırılması, karantin tədbirləri ilə əlaqədar olaraq onlayn ticarətin inkişafı və ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin də artmasına səbəb olur.
2020-ci ilin 11 ayı ərzində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların cəmi məbləği 25 milyard 793 milyon manat təşkil edib. Bu məbləğin 19 milyard 213 milyon manatı və ya 75%-i ölkə daxilində nağd pulun çıxarılması üzrə olub.