BİZNES

Pandemiyalı 2020: Azərbaycan iqtisadiyyatı üçün əsas nəticələr

Qlobal pandemiyanın elan edildiyi, az qala təqvim günlərinin yarısı sərt karantin rejimi altında keçən 2020-ci il artıq tarixə qovuşur. Ötən əsrin 30-cu illərinin resessiyasından sonra dünya iqtisadiyyatını heç bir böhran belə ağır sınağa çəkməmişdi. İqtisadçı Rövşən Ağayev hesab edir ki, təkcə ona görə yox ki iqtisadiyyatlar gözləmədikləri  prosesə qəfil və hazırlıqsız yaxalanmışdılar; həm də o səbəbdən ki, bu böhranın mənşəyi iqtisadiyyatdan kənardan – səhiyyə sistemindən gəldi. Normal, heç bir maliyyə problemi olmayan sağlam və işlək müəssisələr karantin tələbləri altında dayanmağa, istehsalı (xidməti) saxlamağa, işçilərini ixtisar etməyə məcbur qaldılar. Son ildə hökumətlər istər istehsal sektorundan (tələb azlığı və ya təklif artıqlığı), istərsə maliyyə sektorundan (likvidlik və ya borc problemi, “şişmiş balonlar”, uzun dövr ərzində spekulyativ əməliyyatların nəticəsi kimi nəhəng miqyasda riskli aktivlərin yaranması və s.) qaynaqlanan böhranlara özlərini adaptasiya edə biliblər. Yola saldığımız bu il Azərbaycan iqtisadiyyatı üçün hansı problemlər yaratdı? Ən mühümü, iqtisadiyyat üçün hansı ciddi çağırışların, boşluqların olduğunu üzə çıxardı?   

Əsas sosial problemlər 

Şübhəsiz ki, iqtisadiyyatdakı qapanmaların ən ciddi fəsadı işsizliyin böyük miqyasda genişlənməsi oldu. Uzun illər rəsmi təbliğatdan Azərbaycanda işsizliyin, ümumiyyətlə, problem olmadığı görünsə də, rəsmi statistikada işsizlik səviyyəsinin ayrı-ayrı illərdə 4-5%-i ötmədiyi əks olunsa da yaranmış dərin böhranda problemi gizlətməyin mümkün olmayacağı lap əvvəldən bəlli oldu. Hələ Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiqlənən Tədbirlər Planı işini itirmiş insanlara yardımların ayrılmasını nəzərdə tuturdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd edilirdi ki, işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və ümumilikdə həmin şəxslərə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb. Halbuki Dövlət Statistika Komitəsinin (DSK) ötən il əmək bazarı ilə bağlı hazırladığı nəşrdə təqdim olunan məlumatlardan görünür ki, 2010-2019-cu illərdə dövlət məşğulluq orqanlarında işsiz statusu olan şəxslərin sayı 81.3 min nəfərdən, işsizlik müavinəti alan şəxslərin sayı 6.9 min nəfərdən, Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən işsiz kimi müəyyən olunan şəxslərin sayı 258 min nəfərdən çox olmayıb. Belə bir şəraitdə hökumətin “işini itirmiş qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub” kimi ifadəni işlətməsi pandemiyanın ölkədə çox ciddi şəkildə işsizlik problemi yaratmasının rəsmi etirafıdır. Üstəlik, DSK-nın hazırladığı aylıq sosial-iqtisadi bülletenlərdə açıqlanan məlumatlardan aydın olur ki, 2020-ci ilin əvvəlinə nisbətən DSK-nın işsiz kimi müəyyən etdiyi şəxslərin sayı 114 min nəfər və ya 45,2% artaraq 252 min nəfərdən 366 min nəfərə çatıb.

Hərçənd, nəzərə almaq lazımdır ki, Azərbaycanda hazırkı rəsmi mexanizmlər real işsizlik səviyyəsini aşkarlamaq imkanında deyil. Bunun əsas səbəblərindən biri Azərbaycanda rəsmi müqavilə əsasında çalışan və işsizlik sığortası ödəyən işçilərin sayının bütün iqtisadi fəal əhalinin çox az hissəsini təşkil etməsidir. Məsələn, Beynəlxalq Əmək Təşkilatının statistikasına görə, hazırda inkişaf etmiş ölkələrdə (Almaniya, ABŞ, Norveç və s.) işçi qüvvəsinin 85-90%-i muzdlu işçi kimi işsizlik sığortası ilə əhatə olunublar və potensial risklə üzləşdikdə işsiz kimi uçota alına bilirlər. Təşkilatın statistikasından aydın olur ki, Azərbaycanda həmin göstərici 32% ətrafındadır. Digər mühüm bir səbəb odur ki, Azərbaycanda hətta leqal çalışan çoxlu sayda işçi var ki, onların hüquqi statusu işsizlik sığortası ilə əhatə olunmağa, işsiz kimi tanınmağa imkan vermir. Belə ki, Vergi Məcəlləsinin 220.5-ci və 220.10-cu maddələri böyük qrup işçiləri sahibkarlıq fəaliyyətilə məşğul olan əmək qabiliyyətli şəxslər kimi təsbit edir. Bu qrupa aid olan məşğul əhali əmək müqaviləsi əsasında fəaliyyət göstərmədikləri üçün “İşsizlikdən sığorta haqqında” Qanun onları işsizlik sığortasının əhatəsinə daxil etmir. Halbuki bu şəxslər sərbəst peşə sahibləri kimi fərdi fəaliyyətlə məşğuldurlar, daima sosial risklə üzləşmələri realdır. Həmin qrup işçilərə fərdi qaydada sərnişin və yükdaşıma xidmətləri göstərən sürücülər, musiqi xidməti göstərənlər, əhaliyə fərdi məişət xidməti göstərənlər (çəkməçi, pinəçi, fərdi foto, audio-video xidmətləri, saat, televizor, soyuducu və digər məişət cihazlarını təmir edənlər), fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçuları, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi, iaşə obyektlərində müştərilərə xidmət göstərən ofisiantlar, nəqqaşlıq emalatxanalarında xidmət göstərənlər, bərbərlər daxildir. Pandemiya dövründə bu sadalanan peşə sahiblərinin, demək olar ki, hamısının fəaliyyəti sərt karantin rejiminin tələblərinə uyğun olaraq fəaliyyətlərini dayandırmalı oldular. Lakin mövcud qanunvercilik onları işsiz kimi tanımadı.

Məhz yuxarıda qeyd edilən 2 səbəbdən pandemiya dövründə işsizliyin real miqyasını ortaya çıxarmaq mümkün ola bilməzdi. Bununla belə, cəmi 10 ay içərisində işsiz sayının 45%-dən çox artması vəziyyətin nə dərəcədə kritik olduğunu və işsizliyin real artım dinamikasını nümayiş etdirir.

Pandemiyanın işsizliklə yanaşı yoxsulluğun miqyasına necə təsiri etdiyini də bilmək son dərəcə vacibdir. Xüsusilə də məsuliyyətli və peşəkar idarəetmə üçün risk həssaslı sosial siyasətin formalaşdırılması baxımından yoxsulluğun real miqyasının, səbəblərinin dəqiq müəyyən edilməsi son dərəcə önəmlidir.  Bu baxımdan pandemiyanın elan olunmasından sonrakı 3-4 ay ərzində bütün regionları əhatə edən müayinələr əsasında operativ şəkildə yoxsulluğun ölçülməsi təmin edilə, nəticələrinə uyğun sosial siyasətdə korreksiyalar aparıla bilərdi. Nəzərə almaq lazımdır ki, DSK 11 ay ərzində əhalinin adambaşına nominal gəlirlərinin 2% azaldığını, inflyasiyanın 2,8% təşkil etdiyini bildirir. Bu isə əhalinin nominal gəlirlərinin faktiki olaraq 5%-ə yaxın azalması deməkdir. Bu, kiçik azalma deyil və insanların yoxsulluğunun artımına bilavasitə təsir edən amildir. (Təəssüf ki, Azərbaycanda ölkənin rayon və şəhərləri üzrə yoxsulluğun səviyyəsilə bağlı məlumatlar ictimaiyyətə, ümumiyyətlə, açıq deyil, ölkə üzrə göstərici isə operativ açıqlanmır.)

Bu il sosial siyasətdə narahatlıq doğuran istiqamətlərdən biri səhiyyə oldu. Səhiyyə sistemi gözlənilməz böhrana hazırlıqsız yaxalandı – o mənada ki, hər kəs üçün keyfiyyətli və əlçatan tibbi xidmətlərə imkan verən sığorta sisteminə keçid hələ də mümkün olmamışdı. Bunun nəticəsidir ki, Covid-19 virusuna yoluxan insanların əhəmiyyətli hissəsi dövlət səhiyyə sisteminin yardımından tam kənarda qalıblar. İnsanlar ağır vəziyyətdə çox baha qiymətə özəl laboratoriyaların test xidmətlərindən istifadə edir, müalicə üçün bütün vacib dərmanları özləri alır, özəl kanallarla tapdıqları həkimlərin xidmətindən şəxsi büdcələri hesabına yararlana bilirlər. Əhalinin xeyli hissəsinin vaxtında test etdirə və müalicə ala bilməməsinin nəticəsi artıq noyabr ayının əvvələrindən özünü daha aydın göstərməyə başlayıb: əvvəlki 3-4 ayla müqayisədə virusdan ölənlərin sayı birdən-birə 7-8 dəfə artıb. Dekabr ayında gündəlik ölüm sayı (orta hesabla 40-45) sabit olaraq davam edib. Halbuki dövlət büdcəsinin səhiyyə xərclərində kifayət qədər ciddi (2 dəfəyə yaxın) artım var. DSK-nın aylıq sosial-iqtisadi buraxılışlarında açıqladığı ən son statistikaya görə, 2020-ci ilin ilk 10 ayı ərzində səhiyyə xərcləri 1.395 mlrd. manat olduğu halda, əvvəlki ilin eyni dövründə 735 mln. manat təşkil etmişdi.

Makroiqtisadi şərait

2020-ci ilin 11 ayının nəticələrinə görə, ümumilikdə, ÜDM-də 4.3%, qeyri-neft sektorunun ÜDM-dəki payında 2.9%, neft sektorundakı payda isə 6.5% azalma  baş verib. Əhalinin az qala üçdə birinin gəlir və məşğulluğunu təmin edən aqrar sektorda böyümə tempi son illərin ən aşağı səviyyəsinə düşüb. Məsələn, 2019-cu ildə bitkiçilik seqmentində 11%-dən çox artım olmuşdusa, cari ilin 11 ayında həmin göstərici 1%-ə enib. Öz növbəsində, yük dövriyyəsi 20%, sərnişin dövriyyəsi 40%, neftdənkənar sahələrə əsaslı kapital qoyuluşlarında 11% geriləmə qeydə alınıb.

Makroiqtisadi sabitliyin təminatçısı funksiyasını yerinə yetirən xarici valyuta ehtiyatlarında azalma qeydə alınmayıb. (Doğrudur, bu sahədə ən son məlumat sentyabrın sonuna aiddir və ilin son rübünün nəticələrinin həmin göstəriciyə həlledici təsiri olacaq.) Neft Fondunun açıqladığı son hesabata görə, ilin əvvəlinə nisbətən Fondun aktivlərində cəmi 0.08% (86.6 mln. dollar) azalma olub. Lakin həmin dövrdə Mərkəzi Bankın sərəncamında olan ehtiyatların 233 mln. dollara yaxın artması hesabına ölkənin məcmu strateji valyuta ehtiyatlarını hətta 150 mln. dollara yaxın artırmaq mümkün olub. Dünya səhm və qızıl bazarındakı əlverişli qiymət konyukturu Neft Fondunun aktivlərinin əriməsinin qarşısını alsa da, antiböhran tədbirlərilə bağlı hökumətin artan xərc ehtiyacları, eləcə də dünya bazarında xam neftin qiymətinin kəskin ucuzlaşması Fondun büdcəsində iri məbləğdə defisitin yaranmasına səbəb olub. Belə ki, 2020-ci ilin 3-cü rübünün yekunlarına görə, Neft Fondunun büdcə kəsiri 2.453 mlrd. manat (təxminən 1.5 mlrd. dollar) təşkil edib. Kəsirin yaranması əsasən gəlirlərin azalması ilə bağlı olub. Fondun 2019-cu ilin ilk 9 ayını əhatə edən hesabatına görə, cari ilin eyni dövründə gəlirlər 8.122 mlrd. manat və ya 2.2 dəfə azalıb. Xərclərdə artım isə 1.366 mlrd. manat (17.7%) təşkil edib.

Pandemiyanın ağır şərtlərinə baxmayaraq hökumət dövlət büdcəsində sabitliyi qoruya bildi. Belə ki, 2020-ci ilin 11 ayının yekunlarına görə, büdcə gəlirləri 22.241 mlrd. manat olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1.109 mlrd. manat (5.2%) çoxdur. Doğrudur, bu artım biznesin və vətəndaşın vergiləri hesabına deyil, Neft Fondunun transfertləri hesabına təmin edilib. İlk 9 ay üzrə büdcə statistikası göstərir ki, Fonddan dövlət büdcəsinə transfertlərin məbləği 2019-cu illə müqayisədə 1.316 mlrd. manat (18%-ə yaxın) artıb. Bu artım sayəsində vergi daxilolmalarındakı azalmaları da kompensasiya etmək və büdcənin profisitini (78,2 mln. manat) qorumaq mümkün olub. Məsələn, DSK-nın məlumatları əsasında ilk 10 ayın nəticələrini müqayisə etsək, əsas vergilər (ƏDV, mənfəət, aksizlər, yol, torpaq vergiləri, sadələşdirilmiş vergi və s.) üzrə daxilolmalarda 166 mln. manat, o cümlədən gömrük xəttilə daxilolmalarda 376 mln. manat azalma baş verib. Amma bir vacib məqamı nəzərə almaq lazımdır: qısamüddətli böhran dövrlərində Azərbaycan iqtisadiyyatının durumuna fiskal göstəricilər əsasında qiymət vermək bizi yanlış analitik nəticələrə apara bilər. Çünki hazırkı siyasi və iqtisadi idarəçilik, monopol şirkətlərin yüksək rolu böhran dövrlərində yazılmış deyil, əsasən yazılmamış qaydalar əsasında büdcəyə resurs cəlb etməyə imkan yaradır. Bu baxımdan Azərbaycanda makroiqtisadi şəraitin qısamüddətli qiymətləndirilməsində fiskal göstəricilərdən daha çox monetar dəyişənləri və xarici iqtisadi əlaqələri izləməkdə fayda var.

İqtisadiyyatın Mərkəzi Bank tərəfindən pulla təminatında il boyu kəskin azalmalar müşahidə edilib. Manatla pul bazası 2019-cu ilin sonlarına nisbətən sərt karantin rejiminin tətbiq edildiyi ilk dövrlərdə (aprel-may aylarında) 10%-dən çox (1.2 mlrd. manata yaxın) azalsa da, 2020-ci ilin ikinci yarısından etibarən əvvəlki səviyyəsinə qayıtmağa başladı. Lakin oktyabr ayının sonunda manatla pul bazası 12.104 mlrd. manat təşkil edib ki, bu səviyyə də ötən ilin sonlarında mövcud olan göstəricidən 0.4% azdır. Mənzərənin daha aydın olması üçün onu da nəzərə alaq ki, 2015-ci ildə milli valyutanın kəskin dəyər itirməsinin və dünya bazarlarında xam neftin qiymətinin ciddi səviyyədə azalmasının təsiri altında Azərbaycan iqtisadiyyatında yaranan geriləmənin ardınca pul bazası qlobal pandemiya elan edilənədək dinamik şəkildə artıb. Bu artımı bir tərəfdən devalvasiya nəticəsində iqtisadiyyatda yaranan ikirəqəmli inflyasiya, digər tərəfdən isə kreditlərin və büdcə xərclərinin nəzərəçarpan artımı sürətləndirmişdi.

İqtisadiyyatın pulla təminatının səviyyəsinə təsir edən faktorların dinamikası

Qrafik analiz göstərir ki, 2017-2019-cu illərdə müşahidə edilən yüksək kreditləşmənin dayanması, il ərzində iqtisadi fəallığın azalmasının nəticəsi olaraq verilən kreditlərin 3.3% azalması iqtisadiyyatın Mərkəzi Bank tərəfindən pulla təminatını da məhdudlaşdırıb. 2019-cu ildə əvvəlki illərlə müqayisədə fiskal genişlənmənin kəskin yavaşıması fonunda pul bazasının son dərəcə yüksək templə (27,3%) artması kreditləşmədə 17.5% artımın baş verdiyi dövrə təsadüf edir. Bu fakt təsdiqləyir ki, iqtisadiyyatın pula tələbinin artımında kredit emissiyası fiskal genişlənmədən daha həlledici amil kimi çıxış edir.

Pandemiya ilində makroiqtisadi şəraiti, eləcə də iqtisadiyyatın itkilərini əks etdirən daha bir mənbə ödəmələr balansıdır. Ödəmələr balansı hesabat dövründə (rüb, yarım il, il) əmtəə, xidmət və maliyyə alətləri əsasında rezidentlər və qeyri-rezidentlərin iqtisadi əlaqələrinin statistik uçotu sistemidir. Cari hesablar balansının yekun saldosu yaranmış iqtisadi situasiyada  rezidentlərin xarici subyektlər qarşısında ya qazandığını, ya da itirdiyini əks etdirir. Hesabat dövründə qalıq mənfi olduqda milli iqtisadiyyatın itkilərə məruz qaldığını, qalıq müsbət olduqda milli iqtisadiyyatın rezidentlərlə əlaqələrdən daha qazanclı çıxdığını göstərir. Bütövlükdə tədiyə balansı iqtisadiyyatın kapital üçün nə dərəcədə cəlbedici olduğunu qiymətləndirməyə imkan verir. Mərkəzi Bankın ən son statistikasına görə, 2016-cı ildən sonra ilk dəfə 2020-ci ilin 9 ayında Azərbaycanın cari hesablar balansında defisit (208,3 mln. dollar məbləğində) yaranıb. Eyni zamanda, defisit maliyyə hesabından da yan keçməyib: bu hesabda 2.106 mlrd. dollarlıq kəsir yaranıb. Bütövlükdə tədiyə hesabının 9 aylıq yekununda 1.804 mlrd. dollarlıq mənfi saldo (ölkənin məcmu ehtiyat aktivlərinin azalması) qeydə alınıb.

Tədiyə balansının neqativ göstəricilərinə baxmayaraq hökumət il boyu manatın dollar qarşısında məzənnəsini qoruya bilib (1 dollar=1.7 manat). Bununla belə, Mərkəzi Bankın məlumatları göstərir ki, bir sıra mühüm xarici iqtisadi tərəfdaşlarımızın valyutaları qarşısında manatın nominal olaraq bahalaşması baş verib. Azərbaycan milli valyutasının real məzənnəsində 2015-ci ilin devalvasiyasından sonra ən yüksək bahalaşma son 10 aya təsadüf edir. 2020-ci ildə manatın qeyri-neft sektoru üzrə hesablanan real məzənnəsi 6.6% bahalaşıb. Milli valyutanın real bahalaşması neqativ prosesdir və yerli iqtisadiyyatın rəqabət qabiliyyətini aşağı salır. Manat türk lirəsinə qarşı 31,5%, Belarus rubluna qarşı 22.2%, rus rubluna qarşı 19.5%, Ukrayna qrivnasına qarşı 18,9%, gürcü larisinə qarşı 15,1% dəyər qazanıb.

Beləliklə, 2020-ci il bütün ölkələr kimi Azərbaycan üçün də iqtisadi baxımdan ağır şərtlər altında bitməkdədir. Növbəti il qlobal iqtisadiyyatın bərpası ilk növbədə pandemiyanın nə dərəcədə erkən bitməsindən asılı olacaq. Azərbaycan iqtisadiyyatı üçünsə başqa ciddi sınaqlar da var: işğaldan azad edilimiş ərazilərin bərpası üçün resursların təkcə tapılması yox, həm də səmərəli və şəffaf istifadəsi son dərəcə önəmlidir. İqtisadiyyatın artıq zəruri institusional və struktur islahatlar olmadan inkişafın keyfiyyət mərhələsinə keçə bilmədiyi aydın görünür. 2021-ci ildə bu islahatlara iradə olacaqmı? Çox yaxın zamanda bilinəcək.

bakuresearchinstitute.org

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)