Bank

Leyla Mirhəşimli: "Bankda uzun deyil, fərqli 17 il”

“AccessBankın simaları” rubrikasında bugünkü həmsöhbətimiz Səbail filialının rəhbəri Leyla Mirhəşimlidir.

- Leyla xanım, Siz demək olar ki, “AccessBank”ın fəaliyyətə başlamasından – tam 17 ildir ki, Bankda işləyirsiniz. Bankdakı ilk iş illərinizi necə xatırlayırsınız?

- Karyeramın müəyyən bir dönəmində ölkənin böyük banklarından birində işimi tərk edərək, yeni yaradılan “AccessBank”ın gənc və ambisiyalı komandasına qoşulmağa qərar verdim. O zaman Bank hələ "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" adlanırdı. Sınaq imtahanlarını və müsahibələri uğurla keçdikdən sonra Bankın Əməliyyat Departamentində Müştəri Xidmətləri üzrə Mütəxəssis vəzifəsinə təyin olundum.

İlk iş günümü yaxşı xatırlayıram. Başqa bir bankda iş təcrübəm olduğundan yeni iş yerimdə də tələsən müştərilər və həmkarlarımın yorğun simaları ilə qarşılaşacağımı gözləyirdim. İndiki kimi yadımdadır - ilk iş günümün başlamasından 10 dəqiqə sonra bayram günü olduğunu zənn etdim - çünki müştərilərin sayı barmaqla sayılacaq qədər az idi. “Bəs müştərilər hanı?” sualına rəhbərim cavab verdi ki, Bankımız yenidir və işimizin əsas seqmenti kiçik və orta sahibkarlara kredit verməkdir.

17 il əvvəl “AccessBank”a gələndə yeni biliklərə, perspektivlərə və inkişafa doğru addımladım və yanılmadım. Mənim üçün bu illər uzun deyil, fərqli illər olub. Bu illərin hər biri özünəməxsus və əvvəlkindən fərqli keçib. Hər gələn il irəli getmək və komandaya rəhbərlik etmək, müştərilərin etibarını qazanmaq və təşkilatımıza qazanc gətirmək üçün öz üzərimizdə işləməyə, yeni bacarıqlara yiyələnməyə təşviq edib.

 

- Hazırda “AccessBank” filiallarının rəhbərləri arasında yeganə qadınsınız. Rəhbər vəzifədə işləyən qadının xüsusiyyətləri və sirləri nələrdir?

- Bankımız hər iki cins üçün bərabər imkanlar təqdim etməklə məşhurdur. “AccessBank”da işə başladığım ilk günlərdən stereotiplərim qırılmağa başladı - qadın işçilərimiz arasında böyük ticarət bazarlarına nəzarət edənlər, biznes kreditləri verənlər var idi. Bankın filiallarında isə  oğlan əməkdaşlar müştərilərə xidmət göstərirdilər. Əvvəlki iş yerində  isə tam bunun əksi idi. Bu səbəbdən “Acceess”da gördüklərim mənim üçün möcüzə sayılırdı. Hər kəsə özünü göstərmək üçün yaradılmış bərabər şərait təşkilatdakı sağlam mühitdən xəbər verirdi. İşlə bağlı strategiya dəqiq müəyyənləşdirilmiş, hədəflər açıq şəkildə təyin edilmiş və tapşırıqlar ədalətli bölünmüşdü. Belə reallıqlarda işçiləri cinsinə görə ayırmaq mənasız idi. Hər şey çox asan idi: bacarırsansa et, bacarmırsansa, həmkarından kömək istə, o sənə yardım edəcək. 

Hazırda “AccessBank”ın rəhbər vəzifələrində “zərif”lərin sayı çoxdur. Fikrimcə, "zərif" cinsin cazibədar nümayəndələrinin stressə davamlılıq səviyyəsi düşünüldüyündən daha yüksəkdir. Qadın liderləri artıq uzun müddətdir ki, “geyiminə görə qarşılanmırlar”. Bizneslə məşğul olan insanlar çox yaxşı bilirlər ki, biz detalları daha diqqətlə araşdırırıq, yeni şeylər sınayırıq, paralel olaraq bir neçə iş görə bilirik və istənilən halda pozitivi qoruyuruq. Çünki hər zaman əlavə "B planı"mız var. Qadın ənənəvi olaraq evdəki ocağın və hüzurun qoruyucusudur və rəhbər olaraq da eyni işi görür. Bizim üçün kollektivimiz birlikdə olmaqdan və hədəflərə birgə çatmaqdan məmnunluq duyan əməkdaşlarımızın ailəsidir.

 

Sizin üçün uğurlu işin açarı nədir? Filialınızdakı müştərilərlə işləyərkən hansı  prinsipləri əsas götürürsünüz?

- Uğurlu işin açarı müştərini, fəaliyyət sektorunu mükəmməl bilmək, ehtiyac və tələblərini müəyyənləşdirməkdir; bir sözlə - yalnız mal və ya xidmət göstərməyimiz bəs etmir, müştərinin dostu və tərəfdaşı olmağımız da vacibdir.

Müştərilərimizə filiallarda xidmət göstərərkən onların cari və gələcək ehtiyaclarını aydın şəkildə başa düşməli, tələblərini ödəməli və hətta gözləntilərini aşmağa çalışmalıyıq. Yüksək keyfiyyətli xidmət effektiv  satış vasitəsi olduğu üçün davamlı rəqabət yaradır. Bu, hər kəsin oxşar məhsul və xidmətlər təklif etdiyi bir sahədə - bankçılıqda  yeganə rəqabət üstünlüyüdür. Bizim üçün ən önəmlisi yeni müştərilər cəlb etməklə yanaşı, həm də uzunmüddətli əməkdaşlıq etdiyimiz daimi müştərilərimizi tərəfdaşlarımıza çevirməkdir. Bütün bunlar həm filial daxilində, həm də filiallar ilə Baş ofis arasında düzgün qurulmuş kommunikasiya və komanda işi sayəsində mümkündür.

 

Günümüzdə dəbdə olan termin - “work-life balance”. Balansı saxlaya bilirsiz? İşdən kənar vaxtınızı necə keçirirsiniz?

Bəli, bacarıram. Həmişə hər şeyi vaxtında etməyə çalışıram. İş və ailəni bir-birinə qurban vermirəm. Bu illər ərzində ailə qurmuşam. İki oğlum var. Onların tərbiyəsi və inkişafı ilə məşğul oluram, həmişə valideyn iclaslarında, müxtəlif tamaşalarda çıxışlarında iştirak edirəm. Özüm üçün də vaxt ayırmağa çalışıram - psixologiya və tibbi kitablar oxuyuram, insanları müşahidə edirəm, təmiz havada gəzirəm.

Karyerada çox şeyin ailənin dəstəyindən asılı olduğunu unutmayaq.  Ailə və dostlar gündəlik əhval-ruhiyyəmizdə böyük rol oynayırlar və eyni zamanda bütün həyati mərhələlərdə - istər işdə, istərsə də işdən kənar bizə hər cür dəstək olurlar.

"Work-life" balansının saxlanmasında keçid etmək bacarığı çox kömək edir. Təcrübə ilə duyğuları və onların iş prosesinə təsirini idarə etməyi öyrənirsən. Sadə dillə desək, işə "şəxsi"-ni gətirmirsən, evə isə "iş"-i. Məncə balans üçün əsas resept budur.

Bu gün bank işi yalnız karyeram deyil. Elmlər doktoru dərəcəsini almaq üçün müraciət etmişəm və "Dünya iqtisadiyyatına inteqrasiya şəraitində Azərbaycanın bank sisteminin təkmilləşdirilməsi" mövzusunda elmi iş yazıram. Bu, kifayət qədər geniş bir prosesdir və inkişaf etmiş ölkələrin sistemləri ilə müqayisəli təhlildə yerli bank sisteminin vəziyyəti və perspektivlərinin öyrənilməsini tələb edir. Bu günə qədər həm yerli, həm də xarici nəşrlərdə bu mövzuda bir neçə məqaləm yayımlanıb.

Eyni zamanda təkcə şəxsi inkişafım üçün yox, həm də “AccessBank” komandasının gənc heyətinin inkişafına kömək etmək üçün vaxt ayırmağa çalışıram.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)