Sağlamlıq

Azərbaycanda peyvənd etdirəcək şəxslərə COVID-19 pasportu veriləcək

Vaksinasiyada insanlarımızın inamı və etimadı çox önəmlidir. Ölkəmizdə vaksinasiya strategiyası hazırlanır. Vaksinasiya bir neçə mərhələdə həyata keçiriləcək.

Bu fikirləri REAL-a müsahibəsində TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.

Vaksin strategiyası ondan ibarətdir ki, ilk öncə risk qrupuna görə vaksinasiya aparılacaq. Həmçinin, insanların vaksinə inamını təmin etmək üçün də tədbirlər planı həyata keçiriləcək.

Qeyd edək ki,vaksinasiya pulsuz olacaq və strategiyada yer alan risk qruplarına tətbiq ediləcəkdir.

“Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bu proqram üzərində çalışır” - Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, insanlara vaksinin hər iki dozası vurulacaq:

“Birinci vurduran insanlara ikinci dozanı vurdurmaları üçün xəbərdarlıq ediləcək. Elektron sistem e-təbib proqramı üzərində olacaq. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, bizim tərəfimizdən barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)