Azərbaycanda "Vaksinasiya pulsuz həyata keçiriləcək"
"Hazırda ənənəvi vaksinlər üçün Azərbaycan tam hazırdır. GAVİ şirkətinin bizə hansı vaksinlərin verilməsi və biz hansını seçəcəyik bu sonranın işidir".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, soyuq zəncir prinsipi vacibdir: “Səyyar vaksinasiya aparılması hazırda gündəmdədir. Bunun üçün buz çantaları təşkil ediləcək. Vaksinlərin kimlər tərəfindən və necə vurulması önəmlidir. Əhalini qısa müddətdə vaksinasiya etmək üçün mütəxəssislərə təlim keçirilir”.
“Hazırda ölkədə vaksinasiya strategiyası hazırdır, bugünlərdə hökumət tərəfindən qəbul olunmalıdır”, deyən Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirinin müavini Viktor Qasımov bildirib:
“Bizim ölkədə koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risk qrupları müəyyənləşib. İlk növbədə, onların vaksinasiyası həyata keçiriləcək”.