Azərbaycanın cari əməliyyatlar balansında kəsir neft sektoru ilə bağlıdır
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 208,3 milyon ABŞ dolları məbləğində kəsir yaranıb. Halbuki, ötən ilin eyni dövründə CƏB üzrə 4,004 milyard dollar qalıq yaranmışdı.
Bu göstəricilər Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarında yer alır.
Məlumata görə, 9 aylıq kəsir xarici ticarət balansındakı 2 343,6 milyon dollarlıq qalıq (illik müqayisədə 66% az), xidmətlər balansındakı 2 052,2 milyon dollarlıq kəsir (11,45% çox), ilkin gəlirləri balansındakı 800,3 milyon dollarlıq kəsir (44,7% az) və təkrar gəlirlər balansındakı 300,6 milyon dollarlıq qalıq (23,8% az) hesabına formalaşıb.
"Hesabat dövründə CƏB üzrə kəsir ümumi daxili məhsulun (ÜDM) dəyərinin 0,7%-i qədər olub. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB qalığı 2,3 dəfə azalaraq 4 milyard dollara, qeyri-neft-qaz sektoru üzrə CƏB kəsiri isə 19,1% azalaraq 4,2 milyard dollara düşüb", - AMB bəyan edib.