Ermənistanın zərər vurduğu mülki əhaliyə pul vəsaiti ödəniləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödəniləcək:
• dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1 500 manat məbləğində;
• digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1 000 manat məbləğində.
Nazirlər Kabinetinə bu Sərəncama uyğun olaraq maliyyələşməni təşkil etmək, aidiyyəti yerli icra hakimiyyəti orqanlarına isə nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmək tapşırılıb.