“Ermənistan 50 milyard dollarlıq təzminat ödəməli olacaq”
“Bu sənədə görə, nəinki ərazilərimizi itirdik, həm də Ermənistan üzərinə bizim və gələcək nəsillərimizin ödəyəcəyi 50 milyard dollardan çox öhdəlik qoyulub”.
“ENA” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş prokuroru və AİHM-dəki keçmiş nümayəndəsi Gevorg Kostanyan deyib.
“İki il əvvəl Qarabağ və ətraf yeddi rayonda Azərbaycana dəymiş maddi ziyanla əlaqədar olaraq Ermənistana qarşı təzminat iddiası ilə bağlı məhkəmə prosesinin hazırlandığı barədə xəbərdarlıq etmişdik. Lakin Ermənistanın bu məsələdə məsuliyyət daşıdığı barədə kifayət qədər dəlil olmadığından bu iddianı təqdim edə bilməyiblər”,- deyə Kostanyan vurğulayıb.
O qeyd edib ki, Azərbaycana dəyən ziyanın hesablanması üçün işə beynəlxalq təşkilatlar cəlb edilib.
Kostanyan Azərbaycan Prezidentinin Ermənistana qarşı oxşar bir iddia hazırlanması ilə bağlı açıqlamasını da xatırladıb.
“Əminəm ki, Ermənistanın baş naziri 10 noyabr tarixində tanınmış sənədi imzalayaraq, Ermənistan Respublikasının öhdəliyin subyekti olduğunu təsdiqlədiyindən və bununla da dəymiş ziyana görə birbaşa öhdəliyi öz üzərinə götürdüyündən bu istiqamətdə işlər daha da gücləndirilib”,- deyə Kostanyan bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan tərəfindən imzalanan sənəd həm də Ermənistanın gələcək nəsillərinin də ödəyə bilməyəcəyi ciddi maliyyə problemlərinə səbəb olacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın təzminat ödəməli olduğunu açıqlamışdı: “İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.