Sağlamlıq

Azərbaycan yüksək texnologiyalı dərman vasitələrinin istehsalına başlayır

Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olan “Parla Pharmaceuticals” əhalinin təlabatını ödəmək və ixrac məqsədilə yerli dərman preparatlarının istehsalına başlaması barədə rəsmi açıqlama verib. Klassik dərman vasitələri ilə yanaşı yüksək texnologiyalı dərmanların istehsalını həyata keçirəcək zavod Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək. Bütün dərman vasitələri  Avropa və Amerika əczaçılıq standartlarına cavab verəcək.

İlkin mərhələdə 100-dək adda dərman vasitələri istehsal olunacaq, növbəti 5 il ərzində isə bu say 400-ə çatacaq. Bu məhsullar arasında klassik dərmanlarla yanaşı, müasir biotexnoloji və nanotexnoloji vasitələrin də olması planlaşdırırlır.

“Bizim məqsədimiz innovativ və yüksək texnologiyalara əsaslanan dərmanlarla əhalinin təlabatını tam ödəmək və həmin preparatların ölkə xaricində satışını təşkil etməkdir.  Bununla da biz ölkənin əczaçılıq sənayesini gücləndirəcək və pasiyentlərin münasib qiymətə keyfiyyətli dərman məhsullarına əlçatanlığını dəstəkləyəcəyik və yerli istehsalı təşviq etməyə nail olacağıq. Dərman preparatlarının yerli istehsalı təkcə səhiyyədə deyil, ümumiyyətlə, ölkə iqtisadiyyatında müsbət meylləri gücləndirməyə xidmət edəcək. Hörmətli prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusilə son dövrlərdə yerli istehsala dəstək istiqamətində atdığı addımlar bizi bu sahədə inamla irəliləməyə daha da ruhlandırır. Əminəm ki, “Parla” qısa zamanda “Made in Azerbaijan” brendi kimi dünya bazarında tanınacaq”-, deyə “Parla Pharmaceuticals” şirkətinin direktoru Araş Nosrati Heravi qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)