Qarabağ

Ərdoğanla Putin Qarabağ məsələsini MÜZAKİRƏ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Telefon söhbətində liderlər Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ və Suriya məsələlərini müzakirə ediblər.

Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağ mövzusunda ötən gecə davamlı həllə gedən yolda düzgün bir addım atıldığını vurğulayıb.

Türkiyə və Rusiyanın birlikdə böyük töhfə verdiyi bu önəmli fürsətin hədər edilmədən ədalətli və davamlı sülhlə bölgədə əmin-amanlığın təmin edilməsi üçün istifadəsinin vacibliyini vurğulayan Prezident Ərdoğan mövcud vəziyyətdə ən vacib məqamın Ermənistanın atəşkəsə və birgə bəyanatda göstərilən öhdəliklərə əməl etməsinin olduğunu bildirib.

R.T. Ərdoğan qeyd edib ki, Türkiyə də Ermənistanın işğalından azad edilmiş torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə yaradılacaq Ortaq Mərkəz vasitəsilə Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək. Türkiyə lideri bu baxımdan Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Türkiyə Prezidenti R.T.Ərdoğan Ermənistanın işğalı səbəbilə Qarabağı tərk etməyə məcbur qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini xüsusi vurğulayıb.

Dağlıq Qarabağın regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya əməkdaşlığının önəmini göstərdiyini bildirən R.T.Ərdoğan eyni əməkdaşlıq ruhunun Suriya böhranı üçün də təşkilinin vacib olduğunu və burada da bənzər bir mexanizm qura biləcəklərini qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)