Bank

Əhalinin 3 milyard 808 milyon manat istehlak krediti borcu var

İlin əvvəlində biznes kreditlərinin artırılması ilə bağlı çağırışlar və daha sonra COVİD-19 pandemiyasının məşğulluğa zərbəsinin təsirlərini azaltmaq məqsədilə tikinti sektorunun dirçəlməsi üçün ipoteka kreditlərinin həcminin artırılması bank sektorunun kredit portfelində də öz əksini tapır.   

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ilk aylarda biznes kreditlərinin artım tempi sürətləndi və nəticədə bəzi banklarda hətta istehlak kreditlərinin həcmini üstələdiyini gördük. Həmçinin də bankların ipoteka kreditləşməsini artırdığını görmək mümkündür və bu tendensiya davam edəcək. Portfelin tərkibinə baxsaq, biznes və istehlak kreditlərinin həcmi azalır.

Hesabat dövründə bankların biznes kreditləri 3,2% azalaraq 8 milyard 741,1 milyon manata düşüb. Bu bankların bütün kredit portfelinin 60,3%-ni təşkil edir.Qeyd edək ki, sentyabr ayında bankların biznes kreditləri portfeli 96,2 milyon manat artıb.

9 ay ərzində bankın istehlak kredit portfeli 6,5% kiçilərək 3 milyard 808,5 milyon manat olub. Nəticədə ümumi portfeldə payı - 26,3%-ə enib. Eyni zamanda, sentyabr ayında banklar istehlak kredit portfelini 71,6 milyon manat artırıb.

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar ipoteka krediti portfelini 8,6% artıraraq 1 milyard 947,4 milyon manata çatdırıblar və bu ümumi portfeldə 13,4% -ə qədər pay tutur. Eyni zamanda, təkcə sentyabr ayında verilən ipoteka kreditlərinin həcmi 25 milyon manat artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)