BİZNES

Leyla Məmmədova: Kooperativ təsərrüfatlar heç də kolxoz, sovxoz anlamına gəlmir

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunun məqsədi ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri müəssisələr yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli məhsullar istehsal etmək və məhsuldarlığı artırmaqdır.

"BI" Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədovanın müsahibəsini təqdim edir. 

- Leyla xanım, Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyəti nədən ibarətdir?

- Şirkətimizin yaranması Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması, idxalı əvəz etmək potensialı olan kənd təsərrüfatı və emal sənayesi məhsulları istehsalının təşviqi, kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi, kənd yerlərində məşğulluğun artırılması, əhalinin maarifləndirilməsi və rifahının yüksəldilməsi, kənd turizminin və ekoturizmin inkişaf etdirilməsi kimi prioritet məsələlərin həllinə dair zərurətdən irəli gəlib. Əsas məqsədimiz sosial məsuliyyət anlayışını mənimsəmiş bir qurum kimi, ölkədə kənd təsərrüfatı məhsullarının bazar infrastukturunu inkişaf etdirmək, kiçik və orta fermer təsərrüfatı sahiblərinin bazarlara çıxışını asanlaşdırmaqdır.
Bundan başqa, şirkət kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışını təşkil etmək üçün müvafiq işlər görür. Biz bu istiqamətdə daxili və xarici bazarda sifarişçilərlə - böyük istehsal müəssisələri, market şəbəkələri, bazarlar, restoran və digər ictimai iaşə obyektləri ilə əməkdaşlıq edirik.

- Fəaliyyətinizi hansı prinsiplər üzərində qurursunuz?

- Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyətinin əsas prinsipləri dürüstlük və şəffaflıq, sosial məsuliyyət, çeviklik, yüksək keyfiyyət və etibarlı əməkdaşlıq üzərində qurulmuşdur. Biz fermerlərlə işimizdə bu dəyərlərə üstünlük veririk.  Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlardan şirkətimizə şifahi və ya yazılı müraciət daxil olur, onlar yetişdirdikləri məhsul barədə ətraflı məlumat verir və əməkdaşlarımız həmin müraciəti qeydiyyata alır. Bunun əsasında məhsula baxış keçirilərək keyfiyyəti müvafiq qayda və standartlara uyğun yoxlanılır. Sonda ən qısa zamanda məhsula müvafiq alıcı tapılır və satış həyata keçirilir.
Kiçik təsərrüfat sahiblərinin aqrar məhsullar istehsalında zəif mövqeləri, ümumiyyətlə, istehsal səviyyələrinin çox aşağı olması onların həm müvafiq resurslara olan tələbatlarının ödənilməməsi, həm də bazara çıxışla və bu sahədə mövcud olan problemlərlə əlaqədardır. Biz könüllü sürətdə birləşmək yolu ilə bütün problemlərin öhdəsindən gəlməyə, daha düzgün həll yollarını tapmağa çalışırıq. Yaradılmasını nəzərdə tutduğumuz fermer mağazaları, «yaşıl marketlər», kooperativ bazarlar, topdansatış mərkəzləri buna geniş yol açacaq.

- Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına tələbatının yaxın gələcəkdə ödənilməsinin ən güclü ehtiyat mənbəyidir. Sifarişçilərlə əlaqə qurmaq çətin deyil ki?

- Kooperativ təsərrüfatlar heç də kolxoz, sovxoz anlamına gəlmir. Məsələn, ABŞ-da məşğul əhalinin 3%-i aqrar sahədə çalışsa da, bu ölkə dünyada nəhəng kənd təsərrüfatı məhsulları ixracatçısı kimi tanınır. Bizdə isə məşğul əhalinin 40%-i aqrar sahədə çalışır. Mərkəzləşdirilmiş təsərrüfatlar yaradılarsa, aqrar sahədə istehsalın həcmini kəskin şəkildə artıra bilərik. Bu, kənd təsərrüfatında, xüsusən də kiçik və orta sahibkarlığın inkişafında ciddi əhəmiyyət kəsb edəcək.


Sifarişçilərlə əlaqə qurmaqda heç bir çətinliyimiz yoxdur. Fəaliyyətə başladığımız qısa müddət ərzində artıq bir neçə ixrac əməliyyatı həyata keçirmişik və daxili bazarda iri supermarketlər şəbəkələrindən biri ilə daimi əməkdaşlıq qurmuşuq. Bu sahədə işlərimizi bütün sürəti ilə davam etdiririk. 

- Layihələrinizdən biri də “Kənddən şəhərə”adlanır. Bu layihə özünü doğrulda  bildimi?

- “Kənddən şəhərə” şirkətimizin həyata keçirdiyi çox önəmli layihədir. Bu layihənin bir neçə istiqamətdə həyata keçirilməsini nəzərdə tutmuşuq. “Kənddən şəhərə” mağazaları açılır. Bu yaxınlarda şəhərin mərkəzində - Nizami küçəsində açılacaq mağaza vətəndaşlarımızın istifadəsinə veriləcək. Bundan başqa, mütəmadi olaraq “Kənddən şəhərə” yarmarkalarının keçirilməsini planlaşdırırıq. İlk belə yarmarka Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində təşkil olunacaq. Yarmarkada vətəndaşlarımız birbaşa fermerlərin özlərindən təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edə biləcəklər. Layihənin digər istiqaməti çərçivəsində kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların vahid “Kənddən şəhərə” markası altında qablaşdırılmasını həyata keçirməkdir. Qablaşdırılmış məhsulların yerli market şəbəkələrində satışı, eyni zamanda ixrac etdirilməsi də nəzərdə tutulub. İnanırıq ki, sosial yönümlü bu layihənin həyata keçirilməsi fermerlərimizin məhsullarının satışında yeni bir mərhələ olacaq. 

- Başqa hansı yenilikləriniz, planlarınız var?

- Çalışırıq ki, fəaliyyətimizi prioritetlər və innovasiyalar üzərində quraq. Bu səbəbdən, aqrar ticarət sahəsində bir sıra yeniliklər etməyi planlaşdırırıq. Bunlardan biri “Fermer kartı”dır.  Bu yaxınlarda təqdim olunmuş “Fermer kartı” aqrar ticarətdə nağdsız ödənişləri stimullaşdıracaq, fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıracaq və onların maliyyə savadlılığını artıracaqdır.

Bundan əlavə, “Kənddən şəhərə” yarmarkasının təşkilini innovativ qaydalarla həyata keçirəcəyik. Fermerlər şirkətin rəsmi internet səhifəsində yerləşdirilmiş müraciət formasını doldurmaqla  yarmarkada iştiraklarını bildirə bilərlər. Bu zaman bölgələrdə fəaliyyət göstərən daimi işçilər, həmçinin şirkətin çağrı mərkəzinin əməkdaşları fermerlərin onlayn qeydiyyatdan keçməsi üçün zəruri olan hər cür kömək göstərəcəkdir. Yarmarka zamanı fermerlər öz məhsullarını şəhərin mərkəzində yerləşən qapalı və isti yerdə heç bir ödəniş etmədən sata biləcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department