Azərbaycanın xarici ticarətinin müsbət saldosu 38,6% azalıb
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 2 milyard 756 milyon 366,46 min dollar təşkil edib. Bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 38,6% azdır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard 403 milyon 273,24 min dollar təşkil edib. Bu isə 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,1% azdır.
Hesabat dövründə ixracın həcmi 10 milyard 579 milyon 819,85 min dollar (azalma 28,8%), idxalın həcmi 7 milyard 823 milyon 453,39 min dollar (azalma 24,6%) təşkil edib.
İxracın strukturunda əsas pay - 87,88% neft-qaz sektorunun məhsullarının payına düşüb. İdxalın strukturunda 15,15% ərzaq məhsullarının, 0,79% tütün və tütün məhsullarının, 3,47% əczaçılıq məhsullarının, 1,02% gübrələrin, 3,28% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,51% odun və agac məhsullarının, 1,89% geyim və geyim aksessuarlarının, 9.5% qara metal və ondan hazırlanan məmulatların, 23,43% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 13,95 nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,7% mebelin, 24,31% digər məhsullarının payına düşüb.
Yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında 7,352 min özəl və dövlət müəssisəsi, 28,837 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 178 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-sentyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 29,45%-i), Türkiyə (19,33%), İsrail (3,62%), Hindistan (3,9%), Rusiya (4,72%), Xorvatiya (3,48%), Yunanıstan (4,05%), Gürcüstan (3,46%), Ukrayna (2,65%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,4%), Türkiyə (14,44%), Çin (12,96), Almaniya (5,3%), ABŞ (6,72%), İtaliya (3,88%), Ukrayna (3,96%), İran (2,69%), Böyük Britaniya (2,76%) ilə həyata keçirilib.