“Huawei” “Honor” brendini satmaq üçün danışıqlar aparır
“Huawei Technologies” şirkəti “Honor” brendini 3,7 milyard dollara satmaq üçün “Digital China Group” və digər iddiaçılarla danışıqlar aparır. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat verib.
Verilən məlumata görə, ABŞ-ın Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən “Huawei” ucuz qiymətə satdığı smartfonlardan qurtulmaq və bütün diqqətini daha bahalı modellərin istehsalına yönəltmək istəyir.
Mütəxəssislərin hesablamalarına görə, müqavilənin dəyəri 2,2-3,7 milyard dollar arasında dəyişəcək. Qeyd edildiyi kimi, əsas alıcı “Digital China” şirkətidir, lakin digər namizədlər də var – TCL və “Xiaomi”.
“Huawei” və TCL bu məsələyə şərh bildirməkdən imtina edib. “Digital China” və “Xiaomi” nəşriyyatın sorğularına cavab verməyib.
Xatırladaq ki, “Honor” brendi 2013-cü ildə qurulub və ana şirkətindən demək olar ki, asılı olmayaraq fəaliyyət göstərir.
“Honor” üçün bu müqavilə istənilən halda uğurlu olacaq, bu barədə “TF International Securities”in analitiki Kuo Minq Çi (Kuo Ming-chi) məlumat verib. Belə ki, əgər “Honor” brendi “Huawei”dən asılı olarsa, ABŞ-ın sanksiyaları ona da şamil ediləcək.