İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağa iddiasını rədd edir
İsrailin Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunmasını tələb edən petisiyanı kifayət qədər sübut olmadığına görə rədd edib.
Jerusalem Post qəzeti yazır ki, İsrailin Azərbaycana silah satması onun İranla həmsərhəd olması və İsrailə neft ixrac etməsi kimi siyasi məqamlarla bağlıdır.
Qəzet yazır ki, oktyabrın 12-də İsrailin Yüksək Ədalət Məhkəməsi Azərbaycana silah satışının qadağanı üçün verilmiş petisiyanı təmin etməyib.
Hakim Yosef Elron bildirib ki, sözü gedən silahların Ermənistana qarşı hərbi cinayətlərdə istifadəsinə dair dinləmənin keçirilməsi üçün kifayət qədər dəlil-sübut yoxdur.
Bundan əvvəl İsrail məhkəməsi Malayziyaya silah satışının qadağanına dair buna bənzər petisiyanı da rədd etmişdi.
Kifayət qədər dəlil yoxdur
İnsan haqları fəalı İtay Mak demişdi ki, o İsrailin Azərbaycana silah satışının qadağan edilməsini “mənəvi məsələ” kimi təqdim eedib, lakin vəsatətini əsaslandırmaq üçün kifayət qədər dəlili olmayıb.
Bunun əvəzində petisiyanı məhkəməyə başqa bir insan haqları fəalı – Eli Cozef təqdim etmişdi. Qəzet yazır ki, Cozef bu məsələyə etiraz olaraq aclıq aksiyası keçirir.
Cozef media xəbərlərinə istinadən iddia edirdi ki, Azərbaycan cəbbəxanasının 60 faizini İsraildən alınan silahlar təşkil edir.
O habelə Amnesty International beynəlxalq insan haqları təşkilatına istinadən iddia edirdi Azərbaycan İsrail dronlarından ermənilərin öldürülməsi üçün istifadə edir.
Lakin hakim Elron deyib ki, Cozefin təqdim etdiyi materiallardan heç biri İsrail silahlarından ermənilələrə qarşı hərbi cinayətlərin törədilməsi üçün istifadə olunduğunu sübuta yetirmir.
Dronlar haqqında məlumatlar
Jerusalem Post yazır ki, Azərbaycan mediasında kamikaze dronları da daxil İsrail istehsalı olan pilotsuz uçan aparatların videoları dərc olunub.
Lakin bu da bildirlir ki, bu videolardan dronların İsrail istehsalı olması tam aydın olmur.
Qəzet iddia edir ki, 2015-ci ildə keçirilən hərbi paradda Azərbaycan əsgərlərinin əllərində İsrail istehsallı Tarov avtomatları olub.
Bu da qeyd edilir ki, 2016-cı ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyev İsrail modelindən olan dronların yığıldığı zavoda baş çəkib.
İsrail baş naziri Benyamin Netanyahu ilə görüşündə Əliyev demişdi ki, İsrail Azərbaycana 5 milyard dollar dəyərində müdafiə avadanlığının satılmasına razılaşıb.
Oktyabrın 12-də Ermənistanın Public Radio of Armenia saytı yazmışdı ki, İsrailin “Lev Yehudi” (Yəhudi ürəyi) təşkilatı İsrail Ali Məhkəməsinə Azərbaycana İsrail silahlarının satışının dərhal qadağan olunmasını tələb edən şikayət verib.
Bu da qeyd edilir ki, məhkəmə iddiası İsrailin müdafiə naziri Benni Qantz və nazirliyin xarici əlaqələr şöbəsinin müdiri Rahel Henə qarşı qaldırılıb. (azadlıq.org)