“Kapital Bank” səhmdarlarına yenə dividend ödəyəcək
Noyabrın 6-da, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında keçiriləcək.
Yığıncağın gündəliyinə “Kapital Bank”ın səhmdarlarına dividendlərin növbəti hissəsinin ödənilməsi, Bankın nizamnaməsinə dəyişikliklər edilməsi, səhmlərin könüllü delistinq olunması və digər məsələlər daxildir.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245,85 milyon manatdır. Bankın səhmlərinin 87,68%-i "PAŞA Holdinq" MMC-yə, 8,14%-i "PAŞA Sığorta" ASC-yə, 4,07%-i "PAŞA Həyat Sığorta" ASC-yə, 0,11%-i isə 200-ə yaxın fiziki şəxsə məxsusdur.