Sənaye

İbrahim Əhmədov: "Azərbaycanın neft-qaz infrastrukturunun təhlükəsizliyini ordu qoruyur"

Dağlıq Qarabağın erməni işğalçılarından azad edilməsi ilə bağlı aparılan hərbi əməliyyatlar fonunda Azərbaycanda neft və qazın çıxarılması və ixracı həmişəki qaydada davam edir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hazırda infrastrukturun təhlükəsizliyi məhz Azərbaycan ordusu sayəsində təmin edilir.

O, neft və qaz kəmərlərinin Ermənistan tərəfindən daim təhlükə altında olduğunu qeyd edib: "Aydındır ki, erməni silahlı qüvvələrinin son aylar hücumlarının intensiv olması təsadüfi deyil. Çünki Cənub Qaz Dəhlizinin inşasında irəliləyiş səviyyəsi təxminən 98% olduğu bir vaxtda, TAP-ın başa çatmasına bir neçə ay qalıb".

İ.Əhmədov bildirib ki, bu gün biz tarixi bir məqamın astanasındayıq. İlk dəfə Xəzər hövzəsindən çıxan qaz Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya daxil olacaq ki, bu da Avropaya və Türkiyəyə qaz idxal mənbələrini şaxələndirməyə kömək edəcək. Bu, həmin bölgələrdə iqtisadi inkişafa, sülhə və sabitliyə mühüm töhfə olacaq.

Əlavə edib ki, erməni hücumlarının tez-tez baş verməsi və Azərbaycan torpaqlarının işğal altında qalması Avropanın enerji təhlükəsizliyi üçün daim təhlükə mənbəyidir.

"Beynəlxalq hüququn məcburi normalarının tətbiqi - işğalçı qoşunların Azərbaycanın dövlət ərazisindən çıxarılması bu təhlükəni aradan qaldırmaq, Avropaya təhlükəsiz enerji təchizatı və bölgədəki sülhü təmin etmək üçün yeganə təsirli yoldur", deyə İ.Əhmədov vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)