Prezident xanımı və qızları ilə “Bakutel-2018” sərgisində - FOTO
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.
“BI” xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib.
Bildirilib ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.
Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verilib.
Sonra dövlətimizin başçısı və xanımı Azərbaycanda müasir poçtun və rabitənin yaradılmasının 100 illiyinə, eyni zamanda, “Azərbaycan memarlığına” həsr olunan poçt markasını möhürləyibər.
Qeyd edək ki, sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsinin prototipi də təqdim olunur. Artıq iki ildir innovativ və texnoloji yeniliklərlə təchiz olunan “Şəbəkə” xidmət mərkəzləri yaradılıb. Növbəti - 9-cu “Şəbəkə” mərkəzinin Beynəlxalq Avtovağzal Kompleksində istifadəyə verilməsi nəzərdə tutulur.