“Mars” və “Snickers” istehsalçısı irqi stereotiplərə görə brendinin adını dəyişdirəcək

“Mars” şirkəti ABŞ-ın ən məşhur markalarından birinin adını dəyişdirməyə qərar verib. Bildirildiyi kimi, bu, Uncle Ben’s düyüsüdür. ENA.az “Forbes.ru”ya istinadən xəbər verir ki, şirkət 1947-ci ildən bəri istifadə olunan köhnə marka adında irqi stereotiplərin olduğunu müəyyən edib.

Bildirildiyi kimi, markanın yeni adı Ben’s Original’s olacaq. “Financial Times” qeyd edir ki, Uncle Ben’s düyüsü 1950-1990-cı illərdə ABŞ-da ən çox satılan markalardan biri olub.

İstehsalçı vurğulayır ki, dizaynın “zərərsiz” elementləri yerində qalacaq – şrift, göy-narıncı rənglər və adının yarısı. Əsas dəyişikliklərdən biri, “Mars”ın 70 ildən çox istifadə etdiyi qaradərili kişi şəklindən imtina etməsi olacaq. Əsas problem “Uncle” (əmi) sözü ilə bağlıdır: “Mars” şirkətinin qida məhsullarının istehsalı üzrə rəhbəri Fiona Douson hesab edir ki, bu söz ABŞ-da qaradərili insanları fərqləndirmək üçün mənfi mənada istifadə edilib.

“Aydındır ki, markamızın bununla əlaqələndirilməsini istəməzdik”, – deyə Douson söyləyib. Onun sözlərinə görə, “Mars” yeni ada daha radikal alternativlər düşünüb, lakın “bacardığı qədər keçmişi”ni qorumağa çalışıb.

Xatırladaq ki, Uncle Ben’s markası 1947-ci ildən bəri istifadə olunur və 1942-ci ildən “Mars” şirkətinə məxsusdur. Brendin adını dəyişdirmək tələbi “Black Lives Matter” kəskinləşməsi ilə əlaqəli irəli sürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)