TURİZM

AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.

Bu barədə "ENA"ya AZAL-dan bildirilib. 

Türkiyənin paytaxtı - Ankara şəhərinə AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə  - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulub. 

Antalyaya xüsusi reyslər 30 sentyabr tarixindən etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcəkdir. 

Xatırladaq ki, hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir. 

Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Pandemiya dövründə  həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır. 

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış ola bilərsiniz. 

Türkiyədən uçduğunuz zaman, “Memorial Sağlık Grubu” klinikası və Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan birində testdən keçə bilərsiniz: https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə sərnişinlər uçuş zamanı bəyannamə dolduraraq iki həftə müddətində təcrid oluna biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.

Qeyd edək ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)