"Fitch" : Azərbaycanda büdcə kəsiri 12,4%-ə yüksələ bilər
"Fitch" beynəlxalq kredit reytinq agentliyi Azərbaycanın yenidən baxılmış 2020-ci il üzrə dövlət büdcəsinin kəsiri üzrə proqnozunu 2,3%-dən 12,4%-ə qaldırıb.
ENA.az xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilir.
Sənəddə deyilir ki, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə planlaşdırılan köçürmənin artırılması son aylar manata olan təzyiqləri azaltmalı və mövcud məzənnəni (1,7 AZN/USD) dəstəkləməlidir.
"Azərbaycan hakimiyyəti 2020-ci il üçün ÜDM proqnozunu yenidən nəzərdən keçirdi və Fitch-in proqnozuna (5,2% azalma - IF) yaxın 5% azalma gözləyir. Bu, koronavirusla mübarizə tədbirlərini və Azərbaycanın neft hasilatının azaldılması ilə bağlı müqavilədə iştirakını əks etdirir. Azərbaycanda koronavirus riskinin davam etməsi və təcrid tədbirlərinin bərpa edilməsi ÜDM-ə daha çox təzyiq göstərə bilər".
Avqustun ortalarında ölkə prezidentinin təsdiqlədiyi yeni büdcədə neftin 1 barelinin qiyməti 55 ABŞ dollarından 35 ABŞ dollarına endirilib ki, bu da "Brent" markalı xam neftin qiyməti ilə bağlı "Fitch"in proqnozu ilə uyğundur.
Büdcə xərcləri Ümumi Daxili Məhsulun 1,2 faiz bəndi qədər artırılıb. Əsasən səhiyyə xərcləri 0,4 faiz bəndi, iqtisadiyyatı canlandırmaq üçün əlavə kapital qoyuluşları 0,3 faiz bəndi, əlavə tədbirlərə ayırmalar isə 0,5 faiz bəndi artırılıb.
Maliyyə kəsirinə ciddi mənfi təsir göstərməsinə baxmayaraq, böyük qənaətlər Azərbaycana əhəmiyyətli dərəcədə maliyyələşdirmə çevikliyini təmin edir. Konsolidə edilmiş büdcə kəsiri ilk növbədə ARDNF-in aktivlərinin azaldılması və hökumətin vahid xəzinə hesabındakı iri pul depozitləri hesabına maliyyələşdiriləcək", - deyə "Fitch" bəyan edib.
"ARDNF-nin aktivləri ümumilikdə 2020-ci ilin ilk altı ayı ərzində dəyişməz olaraq qaldı və iyun ayının sonunda 43,2 milyard dollar təşkil edir. Portfeldəki dəyişikliklər isə neft gəlirləri və büdcə transfertlərindəki azalmanı əvəzlədi. Dollar ifadəsində nominal ÜDM-yə münasibətdə ARDNF-nin aktivləri ÜDM-in 85 faizini keçməyə davam edəcək. Azərbaycanın ümumi dövlət borcunun cəmi 4 faiz bəndi - ÜDM-in 23 faizinə qədər artacağını proqnozlaşdırırıq və bunun əksəriyyəti ÜDM-in azalması ilə nəticələnəcək ", - deyə qeyd olunur.
Bu il ARNDF-dən büdcəyə köçürmələr 7,5% artırılaraq 6,7 milyard ABŞ dollarından 7,2 milyard ABŞ dollarına yüksəldilib. Fondun büdcəyə köçürmələrinin əsas mənbəyi xarici valyuta satışlarıdır ki, bu da məzənnə sabitliyinə, xüsusən bu ilin mart ayında manatın məzənnəsini sabit saxlamağa imkan verib.
Yeni büdcədə bu il üçün iqtisadi geriləmə proznozu 2,4%-dən 5%-ə ("Fitch" proqnozu 4,2%-dir) qaldırılıb", – agentliyin açıqlamasında qeyd olunub.