Sosial iqtisadiyyat

"Ramiz Mehdiyev bizi aldatdı"

“Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etsə də, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılmaqdadır. Belə olan halda, hər bir vətəndaşın borcu məsuliyyətli davranaraq müəyyən olunmuş qaydalara ciddi riayət etməkdir.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda ailəlikcə iştirak edərək karantin qaydalarının pozulmasına yol vermişik. Bu səbəbdən təmsil olunduğum Yeni Azərbaycan Partiyası tərəfindən mənə töhmət elan edilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunmuşuq”.

“ENA”nın xəbərinə görə, bunu deputat Siyavuş Novruzov öz sosial şəbəkə hesabında yazıb.

O, Ramiz Mehdiyev tərəfindn aldadıldığını vurğulayıb:

“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.
Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar.
Onu da qeyd etmək istəyirəm ki, Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətlərimiz kifayət qədər soyuq olmuşdur. Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir”.
Qeyd edək ki, Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyinə görə cərimələnib. Onlar xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)