Statuslar

Vətəndaşların hesabına idxalçı şirkətləri qorumaq - ABSURD QƏRAR

Vətəndaşların hesabına idxalçı şirkətləri qorumaq - absurd qərar

Hökumətdən e-ticarəti məhdudlaşdırmağa yönələn addım.

Hökumət yenidən fiziki şəxslər tərəfindən ölkəyə gömrük rüsumsuz gətirilə bilən malın maksimal məbləğini aşağı salıb.

Yəni , indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü rüsumsuz 1500$ məbləğində, e-ticarətlə -poçt yolu ilə 1000$ məbləğində mal gətirə bilərdi.

Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800$ və 300 $ -a endirilib.

Yəni , vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300$ -dan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36% gömrük rüsumu ödəməlidir.

Düşünürəm ki, NK-nın bu məsələləri tənzimləyən 2013-cü il tarixli qərarına yeni dəyişikliyi çox qüsurlu qərardır.

Ümumiyyətlə , xatırlayıram ki, 2013-cü ildən başlayaraq kimlərsə bu istiqamətdə inhisarçılıq yaratmaq üçün var qüvvəsi ilə çalışırlar.

Hətta xartırlayıram ki, 2015-ci ildə Prezident tərəfindən verilən fərmanla həmin adı çəkilən məbləğ vətəndaş üçün 10 000$ müəyyən olunmuşdu. Üstündən 2-3 ay keçməmiş naməlum qüvvələr Prezidentin həmin fərmanının icrasına imkan vermədilər və fərman ləğv edildi.

Sonradan xatırlayıram ki DGK bir neçə dəfə NK- ya təklif vermişdi ki, bu rəqəmlər azaldılsın. Lakin o zaman 2015-ci ildə NRYTN və İqtisadiyyat nazirliyinin əks rəyi olduğundan DGK qərarını keçirə bilməmişdi.

Yəni, yaxın keçmişin tarixini biz unutmamışıq, Prezident fərmanını belə ləğv etdirə bilənlər , görünür yenidən hücumdadırlar.

Problem haradadır ?

Düşünürəm ki , ölkədə yerli istehsal olmadığı bir zamanda adi vətəndaşlar tərəfindən şəxsi məqsədlə gətirilən mallara məhdudiyyət tətbiq etmək doğru bir yanaşma deyil. Bu, sadəcə bir qrup idxalçıları, daha doğrusu məlum sahələr üzrə "bazarın böyük oyunçularını" himayə etməkdir.

Müşahidələr göstərir ki, vətəndaşların karqo-daşıma şirkətləri ilə gətirdiyi malların demək olar ki, heç biri ölkədə istehsal olunmur.

Vətəndaşların yerli bazarda 3-4 dəfə baha olan bir malı xarici bazardan ucuz almasının qarşısını almaq , fikrimcə yerli bazarı qorumaq deyil.

O ki qaldı sui -istifadənin, kimlərinsə bu qaydalardan istifadə edərək kommersiya qurmağının qarşısını almağa, düşünürəm ki , DGK , İqtisadiyyat Nazirliyi və NRYTN əlində bu proseslərə nəzarət etmək üçün yetərincə imkanlar var.

Fikrimcə DGK- nın hazırda mövcud olan 36% gömrük rüsumun azaldılması ilə bağlı hökumətə təkliflər verməsi daha doğru olardı.

Dövlət başçısı bütün çıxışlarında sadə vətəndaşların haqqına girməməyə, onların maddi rifa halının yüksəldilməsinin vacibliyinə diqqət çəkir. Vətəndaşların alıcılıq qabiliyyətinin yüksəldilməsi indiki halda daha doğru olardı.

Düşünürəm ki, hökumət təcili bu qərarına yenidən baxmalıdır.

Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır.

Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün, e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir.

 

Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department