Azərbaycanda 14 dövlət əmlakı özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu gün keçirilən hərracda 14 dövlət əmlakı özəlləşdirilib.
Bu barədə “ENA”ya Nazirlikdən bildirilib.
Məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələr paytaxtda, Balakən, Ucar, Neftçala, Masallı rayonlarında yerləşir.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslər seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.