Statuslar

Yaxın günlərdə əmanətlərin geri qaytarılmasına başlanılacaq

Konstitutsiya Məhkəməsi blok olunmuş əmanətlər ilə bağlı qərarını elan etdi. Qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Aydınlıq üçün qeyd edək ki, “təshih tədbiri” bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarı nəzərdə tutur. Yəni, müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur. Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilmişdir. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.

Qərarda eyni zamanda qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Bu müflis elan olunan Atabank ilə bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filiala miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi.

Güman olunur ki, bu qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir.

Vüqar Bayramov
deputat

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department