ENA+

Serbiyanın sabiq Prezidenti: “Azərbaycanla münasibətlərimiz tamamilə pozulub”

“Son illərdə təhlükəsizlik sahəsində hərtərəfli təcrübəni nəzərdə tutaraq, mən öz ölkəmdə silah ixracına kifayət qədər nəzarət edilməməsinin bütün risklərini, habelə adları qara siyahıya salınmış silah dəllallarına məxsus olan özəl şirkətlərin Serbiyada yenidən fəaliyyətə başlaması faktını aşkar şəkildə bəyan etmişəm”.

Bu fikirlər Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Boris Tadiçin məktubunda əksini tapıb.

Sabiq Prezident bildirib ki, o hakimiyyətdə olduğu dövrdə həmin şəxslər silah ticarəti ilə məşğul olmağa icazə ala bilməyiblər.

“Təəssüf ki, mənim açıq müraciətlərim Serbiyanın hazırkı rəhbərliyi tərəfindən nəzərə alınmayıb və bunun nəticəsində mənim ölkəmin beynəlxalq etibarı puç olub. Daha pisi isə odur ki, bizim Azərbaycanla münasibətlərimiz ağlasığmaz dərəcədə və tamamilə pozulub. İyirmi ildən çoxdur Azərbaycanla Serbiya arasında ən sıx səmimi və strateji münasibətlərin qurulmasından, beynəlxalq təşkilatlarda hər iki ölkənin ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə qarşılıqlı dəstək verildikdən, müstəsna iqtisadi əməkdaşlıqdan, infrastruktur obyektlərinin inşasından və mədəni mübadilələrdən sonra dost Azərbaycanın əleyhinə hərbi əməliyyatda istifadə edilən silahların Serbiyadan nəzarətsiz ixracına görə xalqlarımızın və ölkələrimizin səyləri üzərinə nəhəng kölgələr salınıb. Mən hadisələrin bu cür cərəyan etməsinə görə öz dərin təəssüf hissimi ifadə etməliyəm. İlk növbədə ona görə ki, hakimiyyətdə olduğum dövrdə mən öz dostum, Prezident İlham Əliyevlə birlikdə iki ölkə arasında strateji tərəfdaşlığın təşəbbüskarı olmuşam. Həmin dövrdə beynəlxalq təhlükəsizlik və iqtisadiyyat sahəsində çox mürəkkəb şərait mövcud idi, habelə Azərbaycana və Serbiyaya zərbə vurmağa sövq edən əhəmiyyətli amillər var idi.

Mən bu məktub vasitəsilə bir daha son vəziyyət barəsində təəssüfləndiyimi ifadə edirəm. Serbiyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü kimi mən ölkələrimiz arasındakı münasibətlərin yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaytarılması üçün əlimdən gələni əsirgəməməyə hazıram.

İki ölkə arasındakı dostluq toxunulmaz olaraq qalmalıdır”, – deyə məktubda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)