Hesabatlar

Dövlət Neft Fondu aktiv şəkildə qızıl alır

2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 17 min 916 troya unsiya qızıl alıb. Nəticədə investisiya portfelində qızılın payı 13,6% təşkil edib. Bu isə 101,8 ton və ya 3 milyon 272 min 975 troya unsiya deməkdir. 

2019-cu il dekabrın 31-nə olan vəziyyətə görə, ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı 11,4% və ya 4,93 milyard dollar məbləğində idi  və 101,244 ton təşkil edirdi. 

ARDNF 2012-ci ilin əvvəlindən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızılın alışını bərpa edib və ötən il ərzində 20 min 778 kq (668,041 min troya unsiyası) qızıl alıb. 2019-cu ildə fond tərəfindən 50,2 tondan çox qızıl alınıb.

2020-ci il üçün ARDNF-in vəsaitlərindən istifadə proqramına uyğun olaraq gələn il fondun investisiya siyasətinin əsas məqsədi kapital itkiləri riskinin aşağı səviyyədə saxlanması şəraitində maksimum gəlir əldə edilməsidir.

Şərtlərə əsasən, 2020-ci il ərzində fondun borc öhdəlikləri və pul bazarları alətləri portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 55%-ni; səhm (pay) portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-ni; daşınmaz əmlak portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini; qızıl portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.

ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)