Bank

Azərbaycandakı türk bankına "əmanət axını" baş verib

Azərbaycanda pul qoymaq üçün artıq yüz ölçüb, bir biçən əmanət sahiblərinin üz tutduqları banklardan biri də Türkiyənin “Ziraat Bankası”nın ölkəmizdəki törəməsi olub. ENA.az xəbər verir ki, bu ilin altı ayında “Ziraat Bank Azərbaycan” ASC-nin depozitlərinin həcmi 53 milyon 683 min manat artaraq 119 milyon 340 min manata yüksəlib. Görünür, burada bu bankın Türkiyənin 100% dövlət bankı olmasının da mühüm rolu var.

 

Aktivlərini nədə saxlayır? 

Beləliklə, “Ziraat Bank Azərbaycan” ASC-nin 2020-ci ilin I yarısı üzrə açıqladığı hesabata əsasən, aktivlərinin həcmi 8,3% artaraq 274 milyon 415 min manat olub. Akitvlərdə kredit portfelinin həcmi 139 milyon 241 min manat təşkil edir, başqa sözlə, bankın aktivlərinin 51%-i aktiv şəkildə kreditləşmədə istifadə olunur. Ötən ilin eyni dövrü ilə müqayisədə kredit portfeli 14,6% böyüyüb. Lakin son altı aylıq tendensiyaya baxsaq, kreditlərin həcmi 4,3% azalıb ki, bu da iqtisadiyyatdakı resessiyanın təsirindən formalaşıb. Digər tərəfdən hesabatdan görünür ki, bankın istifadə olunmamış kredit xəttinin həcmi 16 milyon 495 min manat təşkil edir, yəni pul verməyə münasib müştəri yoxdur.

Bank aktivlərinin 10 milyon 791 min manatını qiymətli kağızlarda, qalan qismini isə digər hesab və alətlərdə saxlayır.  

 

Depozit qoyanların sayı artıb 

“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 201 milyon 358 min manat təşkil edir. 2019-cu ilin ikinci rübü ilə müqayisədə öhdəliklər 61,4% böyüyüb. Bu ilin altı ayına isə bu artımdan 10,5% düşür. Öhdəliklərin tərkibinə baxsaq, burada 59%-ni əmanətlərin təşkil etdiyini görərik. Yuxarıda qeyd etdiyimiz kimi, bu bankda həm fiziki, həm də hüquqi şəxslərin hesabları artıb. Təkcə fiziki şəxslərin, yəni əhalinin əmanətlərinin həcmi ötən 6 ayda 29,5% artaraq 69 milyon 35 min manata çatıb. Eyni zamanda, öhdəliklərdə xüsusi diqqətçəkən göstəricilərdən biri də bank qarantiyalarının həcmidir – 99 milyon 739 min manat. Bu vəsaitin yalnız 3 milyon 883 min manatı girovla təmin edilib.

Bu bankda digər Azərbaycan banklarının 37 milyon 181 min manat həcmində hesabları da mövcuddur.

 

Bölüşdürülməmiş mənfəəti artıb

İyulun əvvəlinə bankın balans kapitalı 73 milyon 56,71 min manat təşkil edir ki, bu göstərici bir il əvvəllə müqayisədə 5,2% artımdan xəbər verir. Bu ilin altı ayındakı artım isə 2,6%-dir. Bank artıq uzun müddətdir ki, mənfəətlə işlədiyindən 19 milyon 750 min manatlıq bölüşdürülməmiş mənfəəti yığılıb.  

“Ziraat Bank Azərbaycan”ın nizamnamə kapitalı 50 milyon manatdır (dəyişməyib - ENA). Məcmu kapitalı 69 milyon 667 min manat, məcmu kapitalın gəlirliliyi isə 32% təşkil edir (min. norma 9%-dir - ENA).

 

Mənfəəti azalıb

I yarımillikdə “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 1 milyon 747,49 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azalma deməkdir.

Yanvar-iyun aylarında "Ziraat Bank Azərbaycan"ın gəlirləri 11 milyon 516 min manat, xərcləri 7 milyon 634 min manat olub ki, nəticədə əməliyyat mənfəəti 3 milyon 118 min manat təşkil edib. Bankın xüsusi ehtiyatlara ayırmaları 1 milyon 831 min manat olub və mənfəətdən 303 min manat vergi ödəyib.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department