Prezidentin Ehtiyat Fondunun pulları nəyə xərclənib? - HESABATDAN
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 296,7milyon manat vəsait istifadə olunmuşdur. ENA.az hökumətin hesabatına əsasən xəbər verir ki, büdcə ilinin sonuna istifadə olunmamış 3,3 milyon manat vəsait isə dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülüb.
Hesabata görə, həmin vəsait hesabına respublikanın şəhər və rayonlarında avtomobil yollarının tikintisinə və yenidən qurulmasına 103,8 milyon manat, xarici populyar televiziya kanallarında respublikanın təbliğinin təşkilinə, teleradio yayımçılarına əlavə maliyyə dəstəyinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər mədəniyyət tədbirlərinin maliyyələşdirilməsinə 29,826 milyon manat, şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə, təmir, tikinti, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və abadlıq quruculuq işlərinin aparılmasına 28,1 milyon manat xərclənib.
Kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı sahələrinin fəaliyyətinin yaxşılaşdırılmasına 26,4 milyon manat, respublikada baş vermiş təbbi fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına 22,8 milyon manat, səhiyyə və təhsil müəssisələrinin tikintisinə və yenidənqurulmasına 16,0 milyon manat, əhaliyə göstərilən nəqliyyat xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsinə 14,2 milyon manat ödənilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsinə və ikinci dünya müharibəsi iştirakçılarına və əlillərinə avtomobil təminatına və birdəfəlik yardımların verilməsinə 11,0 milyon manat ayrılıb.
Küçələrin əsaslı təmiri, işıqlandırma sistemlərinin yenilənməsi və abadlıq quruculuq işlərinə 8,0 milyon manat, əhaliyə göstərilən kommunal xidmətlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə 7,5 milyon manat, Bakı şəhərində 2 və Sumqayıt şəhərində 1 yeni “ASAN” xidmət mərkəzlərinin layihələndirilməsinə və tikintisinə 7,0 milyon manat verilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə sosial xidmətin genişləndirilməsinə 5,0 milyon manat, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununun yenidənqurulmasına 5,0 milyon manat, şəhər və rayonlarda yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına və fəaliyyətinin təmin edilməsinə 4,0 milyon manat xərclənib.
Dini qurumlara maliyyə yardımının göstərilməsinə 3,3 milyon manat, Bakı şəhəri Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın verilməsinə 3,0 milyon manat və digər tədbirlərin maliyyələşdirilməsinə 1,8 milyon manat vəsait sərf olunub.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan istifadə olunmuş vəsaitin 237,3 milyon manatı və ya 80 faizi əsaslı vəsait qoyuluşu xərclərinin, 59,4 milyon manatı və ya 20 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. Cari xərclərə yönəldilən vəsaitin 14,5 milyon manatı və ya 24,4 faizi sosialyönlü tədbirlərə sərf edilib.