“Diqqətə çatdırmışıq ki, bu su içməyə yararlı deyil” - “Azərsu” rəsmisi
"Artıq bu faktdır ki, Neftçala rayon ərazisində Xəzərin suyu Kürün suyuna qarışıb. Kür çayının suyu həmin hissədə içməyə yararlı deyil".
ENA.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Real İntervyu"da qonaq olarkən deyib.
Qurum rəsmisi bildirib ki, bina evlərində də çətinliklər yaranıb və bu, qurum tərəfindən nəzərə alınıb:
"Ona görə biz məcburuq ki, 40-45 km məsafədən, Salyan rayonu ərazisindən maşınlarla su daşıyaq. 3 qəsəbə və 6 kəndin içməli su təlabatını su maşınları ilə ödəyirik. Bina evlərində çətinliklər yaranıb və bunu da nəzərə almışıq. Suyun qismən təmizlənib verilməsini təmin etmişik. Amma insanların diqqətinə çatdırmışıq ki, bu su içməyə yararlı deyil. Bu su ancaq məişət, təsərrüfat işlərinə yarayır. İçmək üçün bizim ora maşınlarla daşıdığımız sudan istifadə edə bilərlər.
Suyun azalmasına görə Sabirabad və Saatlı rayonlarında hardasa 13 kəndə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Gözləyirik ki, həmin kanallara suyun verilişi bərpa olunsun. Biz də insanlara suyu təmizləyib verək".