ABŞ-dakı milyarderlərin sərvəti 20% artıb
ABŞ-da koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar işsizlik səviyyəsi 90 illik rekordu yeniləsə də, ölkədəki milyarderlərin sərvəti artıb.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Institute for Policy Studies” ve “Americans for Tax Fairness” adlı qurumların birgə açıqladığı hesabatda bildirilir.
Məlumata görə, son 3 ayda (18 mart-17 iyun) ABŞ-dakı milyarderlərin sərvəti 584 milyard ABŞ dolları və yaxud 19,8% artaraq 3,5 trilyon ABŞ dollarına yüksəlib. O cümlədən ABŞ-ın 5 ən zəngin insanı Ceff Bezos, Bill Geyts, Mark Zukerberq, Uorren Baffet və Leri Ellisonun sərvəti 26% və yaxud 101,7 milyard ABŞ dolları artıb. Artımın əhəmiyyətli hissəsi fond birjalarındakı yüksəlişdən qaynaqlanır.
Hesabat dövründə ölkədəki milyarderlərin sayı isə 29 nəfər və yaxud 4,7% artaraq 643-ə çatıb.