“Bakı Metropoliteni” Samir Şərifovun fikirlərinə MÜNASİBƏT BİLDİRDİ
“Bakı Metropoliteni” QSC-nin sərnişindaşınma xidməti üzrə ümumi gəlirləri xüsusi çəkiyə görə sərnişin daşınması, dövlət büdcəsindən ayrılan subsidiya vəsaiti və sair daxilolmalar hesabına formalaşır.
Bunu “Bakı Metropoliteni” QSC-dən bildiriblər.
Qurumdan Maliyyə naziri Samir Şərifovun “Bakı Metropoliteni”ndə sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 41 milyon manat ayrıldığına dair səsləndirdiyi fikirlərə münasibət olaraq qeyd olunub ki, Nazirlər Kabinetinin “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarı ilə yaradılmış komissiya hər büdcə ili üçün “Bakı Metropoliteni” QSC-nin gəlir və xərclər smetasını təsdiqləyir, maliyyə vəsaitləri bu çərçivədə xərclənir.
Mühasibat uçotunun tələbinə görə, əsas fondlar amortizasiya olunan aktivlərə aid olduğundan onlara hesablanmış amortizasiya xərcləri və əsas fondlara çəkilən xərclər metro nəqliyyatı ilə sərnişin daşımalarının rentabelliliyinə mənfi təsir göstərdiyindən, cəmiyyət üzrə sərnişin daşımaları zərərlə nəticələnir.
Hər il maliyyə hesabatları Beynəlxalq Standartlara uyğun olaraq tərtib edilir, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə açıqlanır.
Bu gün metropolitendə sərnişindaşıma xidməti üzrə tarif Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bakı metrosunun da üzv olduğu “Metro” Beynəlxalq Assosiasiyasının məlumatına əsasən, Bakı metropolitenində gediş haqqı tarifi MDB məkanında ən aşağı tariflərdən biridir.
Sərnişindaşıma fəaliyyəti metro nəqliyyatı mövcud olan əksər ölkələrdə də rentabelli olmadığından, bu və ya digər formada subsidiyalaşdırılan xidmət növüdür. Bu praktika Bakı metropolitenində də tətbiq olunur.