“Bakı Kristal Zalı”nın gəlirləri KƏSKİN AZALIB
“Bakı Kristal Zalı” MMC 2019-cu ili 7599 manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə ötən il MMC-nin xalis mənfəəti 3,5 dəfə artıb. Belə ki, “Bakı Kristal Zalı” 2018-ci ili 2183 manat xalis mənfəət ilə bağlamışdı.
“Bakı Kristal Zalı”nın xalis mənfəətinin artması əməliyyat gəlirlərin artmasından deyil, inzibati, köhnəlmə və amortizasiya xərclərinin azalmasından qaynaqlanıb. Ötən il MMC-nin gəlirləri azalıb.
ENA.az MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 3 milyon 294 min 925 manat, cəmi əməliyyat xərcləri 3 milyon 285 min 425 manat təşkil edib. MMC 9499 manat əməliyyat mənfəətindən 1899 manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 4 milyon 742 min 320 manat, cəmi əməliyyat xərcləri 4 milyon 739 min 591 manat, əməliyyat mənfəəti 2729 manat, mənfəət vergisi ödəməsi 546 manat təşkil etmişdi.
2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 30,5% və ya 1 milyon 447min 395 manat azalıb.
“Bakı Kristal Zalı” 31 Dekabr 2019-cu il tarixində 17 milyon 377 min 301 manat yığılmış zərərə malik olub. “Bakı Kristal Zalı” MMC 2017-ci ili 10 milyon 460 min manat, 2016-cı ili 6 milyon 747 min manat zərər ilə başa vurmuşdu.
31 Dekabr 2019-cu il tarixində “Bakı Kristal Zalı” 174 milyon 289 min 959 manat cəmi aktivlərə malik olub və aktivlərin 169 milyon 684 min 853 manatını torpaq, tikili və avadanlıqlar təşkil edib.