Statuslar

Maliyyə Monitorinq Xidməti işləyir?

6 aydır ki, qurumun rəhbərliyi yoxdur! ölkəmiz üçün beynəlxalq aləmdə ciddi risklər yaranıb!

Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə dövrümüzün ən aktual məsələlərindən biridir. Azərbaycanda bu fəaliyyətlə Maliyyə Monitorinq Xidməti (MMX) məşğul olur. 2016-cı ilin mart ayınadək Mərkəzi Bankın nəzdində idi. Bu, nəinki Mərkəzi Bankın mahiyyətinə uyğun deyildi, həmçinin MMX-nin müstəqil və səmərəli fəaliyyətinə ciddi əngəl idi.

Çünki çirkli pulların yuyulması əsasən məhz bank sistemi vasitəsilə həyata keçirildiyi üçün onunla mübarizə həmin sistemin başçısı tərəfindən aparıla bilməz!
2016-cı ilin mart ayında MMX Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibinə keçdi. Məhz tərkibinə, nəzdinə yox. Adi struktur bölməsi kimi. Halbuki, beynəlxalq standartlara görə MMX müstəqil olmalıdır. Beləliklə, MMX-nin yarımüstəqil statusu da tam məhv oldu. Düzdür, Palatanın tərkibinə keçən kimi, Mərkəzi Bankın dövründən fərqli olaraq, MMX-nin rəhbəri dürüst və savadlı kadr (Anar Salmanov) oldu. Bununla belə, Palata da bank sisteminin tərkib hissəsi olduğu üçün (və əsasən elə bankların hesabına maliyyələşdirildiyi üçün) MMX-nin real fəaliyyətinə şərait yaradılmadı. Hətta MMX-nin saytında illik hesabatlarının dərci də dayandırıldı. Bu, bir daha göstərdi ki, MMX maliyyə sistemindən asılı olmalı deyil, əksinə, hüquq-mühafizə orqanları ilə daha sıx əməkdaşlıq etməlidir.

Məhz buna görə də 25 may 2018-ci il tarixində Cənab Prezidentin Fərmanı ilə MMX Palatanın tərkibindən çıxarılaraq müstəqil publik hüquqi şəxs kimi yaradıldı. 18 iyul tarixində isə qurumun Nizamnaməsi də təsdiq olundu. 5 gün əvvəl (23 noyabr) isə hətta həmin Nizamnaməyə artıq düzəliş də edildi. Amma indiyədək (6 ay da ötdü) MMX-nin rəhbərliyi (3 nəfərdən ibarət İdarə Heyəti) təyin olunmayıb.

Qurumun saytında (http://www.fiu.az) MMX hələ də Palatanın tərkib hissəsi kimi görünür, rəhbəri də direktordur.
Başqa sözlə, çox anormal bir vəziyyət yaranıb. MMX var, Nizamnaməsi var, amma legitim rəhbərliyi hələ də yoxdur. Belə çıxır ki, Azərbaycanda çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparan yoxdur? Bu, nəinki daxildə, həmçinin beynəlxalq müstəvidə də ölkəmiz üçün ciddi problemlər yarada bilər. Bəs onda görəsən aidiyyəti qurumlar nəyə görə indiyədək möhtərəm Cənab Prezidentə müvafiq təqdimatları vermir və ölkəmiz üçün ən azı imic riskləri yaradır?..

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department