Mübariz Mənsimova qarşı rəsmi ittiham irəli sürüldü
Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimova qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.
ENA.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittiham aktında müttəhim Mübariz Qurbanoğlunun və onun əlaqədə olduğu şəxslərin fəaliyyətləri barədə araşdırma aparıldığı bildirilib.
İttihamda Mübariz Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürdüyünə dair internet vasitəsilə araşdırma aparıldığı qeyd olunub. Araşdırma nəticəsində "Atlantic İnternational School" adlı məktəbin idarə heyəti üzvlərinin adlarının və fotoşəkillərin olduğu veb-link görüntülərində, Mübariz Mənsimovla yanaşı təşkilat üzvü və rəhbəri axtarışda olan Akın İpek, Harun Tokak və İhsan Kalkavanın da olduğunu qeyd edilib.
İttiham aktında, Mübariz Mənsimovun FETÖ / PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlman Gülən ilə də əlaqələrinin olduğu ifadə edilib.
Təqsirləndirilən Mübariz Qurbanoğlunun "silahlı terror təşkilatına üzv olmaq" səbəbilə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası istənilib. İddianamə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Təqsirləndirilən şəxslərin məhkəməsi yaxın günlərdə baş tutacaq.