Aqrar

Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatdı

Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb. İyunun 9-dək 115328 hektar sahədə biçin aparılıb. Bunların 114472 hektarı arpa, 856 hektarı buğda sahələridir. 

ENA.az xəbər verir ki, ümumilikdə bu günə qədər sahələrdən 344545,6 ton məhsul yığılıb ki, bunun 341855,6 tonu arpa, 2690 tonu buğdadır. Orta məhsuldarlıq arpa üzrə 29,9 sent/ha, buğda üzrə 31,4 sentha təşkil edir. Hazırda 36 rayonda taxıl biçini davam edir. Bişin əsasən Aran bölgəsində, qismən isə dağətəyi rayonların aran hissəsində aparılır. 

Bugünədək ən yüksək məhsuldarlıq Sabirabad rayonunda seydə alınıb. Rayonda arpa üzrə orta məhsuldarlıq 38,1 sentner təşkil edir. Salyan (38 sentner), İmişli (37,9 sentner), Saatlı (37,8 sentner), Samux (37,8 sentner), Ağdam (36,7 sentner) və Tərtər (34,2 sentner) rayonlarının arpa sahələrində də yüksək məhsuldarlıq müşahidə olunur. 

Biçin prosesində 1154 kombayn iştirak edir. Bunlardan 419-u “Aqrolizinq” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. “Aqrolizinq” tərəfindən əlavə olaraq biçin getməyən dağlıq və dağtəyi rayonlardakı bölmələrdən Aran zonasına 186 kombayn dislokasiya olunub. Biçin prosesinə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 549 kombayn cəlb olunub. 

Qeyd edək ki, bu il Azərbaycanda 1010208 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Sahələrindən 640977,6 hektarında buğda, 369240,4 hektarında apra əkini aparılıb. Biçin prosesinə ümumilikdə 1700-dən artıq kombaynın cəlb olunması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)