Sosial müavinətlərin məbləği artacaq
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır.
"BI" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək.
“Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin əsas məqsədidir”.
S.Babayev qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır.
“Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq. Xərclərin də strukturunda önəmli istiqamət özünəməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı proqramdır və cari ildə 7 min ailəyədək əhalini əhatə edib. Nəticədə Azərbaycanda kiçik ailə təsərrüfatının yaradılmasına stimul verəcək. Gələn ilin büdcəsində 50 faiz artım məhz özünəməşğulluq tədbirlərinə yönəldilib”.
S.Babayev deyib ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir:
"Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə, ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq”.