Statuslar

Virusun yayılmasında nağd pulun rolu çoxdur

Koronavirus pandemiyası Azərbaycanda iqtisadiyyatının zəif tərəflərini də müəyyənləşdirməyə imkan verir. Onlardan biri haqda bəhs etmək istəyirəm. Pandemiya yayılması zamanı 190 manat birdəfəlik ödəmənin çatrırılması zamanı bəlli oldu ki, Azərbaycanda xüsusilə də kasıb əhalinin banklarda hesabları yoxdur. 2017 Global Findex hesabatında göstərilir ki, böyüklər arasında azərbaycanlıların 29 faizinin, ermənilərin 48 faizinin, gürcülərin isə 61 faizinin bank hesablarına çıxışı vardır. İnkişaf etmiş ölkələrdə müvafiq göstərici 67 faiz təşkil edir.

Pandemiya göstərdi ki, Azərbaycanda əhali əsasən nağd əməliyyatlara üstünlük verir. Hazırda ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur. Belə ki, dükanlarda və restoranlarda nağd ödənişlər vasitəsilə pulları əldən ələ keçməsi virusun kütləviləşməsini şərtləndirir. Bir sözlə Azərbaycanda nağd manat virus daşıyıcına çevrilib. Azərbaycan Mərkəzi Bankın (AMB) açıqlamalarına görə, bu ilin mayın ayının 1-ə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 80,5 faiz təşkil edib. Həmin tarixə banklardan kənarda nağd pul (M0) kütləsi 8,705 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü və əvvəlki ayla müqayisədə artımı ifadə edir.

Dünyada nəinki nagdsız, hətta mobil ödənişlərin geniş vüsət aldığı indiki dövrdə Azərbaycanda nağd pula sevginin yüksək olması həm də bank idarəçiliyinin pis təşkilinin göstəricisidir. Hesab edirəm ki, mövcud vəziyyətin yaranmasına bank sisteminə və iqtisadiyyata rəhbərlik edənlər də məsuliyyət daşıyırlar. Çünki, Azərbaycanda banklardan kənarda nağd pul dövriyyəsinin yüksək olması həm də gizli iqtisadiyyatın miqyaslarının genişliyi ilə əlaqədadır. Odur ki, on illərdir ki, mövcud gizli iqtisadiyyat havadarları dövriyyədə nağd pulun azalmasında maraqlı olmayıblar.

Hazırkı durumu nəzərə alaraq tövsiyyə edərdim ki:

1) Mərkəzi Bank nağd pulların dezinfeksiyasını aparsın.

2) İstehlakçılar alış-veriş yerlərində, kafe və restoranlarda geri aldıqları nağd pul kütləsini xüsusi salofan paketlərdə və ya portmanatlarda saxlasın.

3) İmkanı olanlar ödənişlərini nağd manatla deyil, kartlarla post terminallar vasitəsilə, ən yaxşısı mobil bankçılıqdan istifadə etməklə internet üzərindən həyata keçirsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department