“Krışaları” gedən banklar silkələnir – MÜSAHİBƏ
Azərbaycan Mərkəzi Bankının bu yaxınlarda dörd bankı bağlaması ilə bağlı açıqlamasında bir neçə diqqət çəkən məqam var. Arqumentlərdən biri budur ki, kreditlər verilib və bunların geri qayıtmasına ümid yoxdur. Analoji vəziyyət xatirinizdədirsə, Azərbaycan Beynəlxalq Bankının da faktiki defoltuna səbəb olmuşdu. Maraqlıdır, bu kreditlərin mənbəyi nədir ki, geri qayıtması mümkün deyil. Və niyə bu hadisələrdə zərərçəkən köçürmə əməliyyatları, əmək haqqı ödənişi üçün hesab açan biznes olmalıdır? ENA.az-ın müsahibi iqtisadçı Samir Əliyevdir.
- Samir müəllim, bu qədər bankın bağlanmasına səbıb olan kreditlər kimlərdədir, necə verilib ki geri qaytarmaq mümkün deyil?
- Bankların düşdüyü bu vəziyyət 2015-ci ildə baş vermiş devalvasiyanın davamıdır. Problem o vaxtdan həllini tapmadı. Ötən il prezidentin problemli istehlak kreditləri ilə bağlı sərəncamı oldu. Problemli kreditlərin kökünü əsasən biznes kreditləri təşkil edirdi. Say baxımından istehlak kreditləri çox olsa da, ümumilikdə məbləğ baxımından çox azdır. İstehlak kreditləri ən yaxşı halda bir neç mindən söhbət gedirsə, biznesdə isə milyonlarla vəsaitdən söhbət gedir. Ona görə də ötən il atılan addım ümumilikdə bir neçə banka dəstək verdi. Azərbaycan Mərkəzi Bankı son dörd bankın bağlanması ilə bağlı bir necə əsas gətirir və onlardan biri problemli kreditlərdir. Probemli kreditlər hardan yarandı? Xatırlayaq ki, 2005-ci ildən sonra Azərbaycana neft pulları gəldi və bundan sonra əhalinin gəlirləri müəyyən qədər artdı və bu kreditləşməni yüksəltdi. “Unibank”ın timsalında nümunəni xatırlatmaq istərdim. Kartları paylayırdılar və deyirdilər ki, zəng vurarsız aktivləşdirərik. Banklarda risk menecmenti çox bərbad idi. 2008-ci ildə müəyyən bir çətinlik yarandı və tez də həll olundu. Bu siqnalı nə banklar, nə də ölkə iqtisadiyyatı götürmədi və olduğu kimi davam etməyə başladılar. 2014-cü ildəki prosesə yaxınlaşdırlar. Burada bir məqamı yada salım ki, 2012-ci ildə Azərbaycan Mərkəzi Bankı birdən-birə banklara qoyulan kapital normasını 10 milyon manatdan 50 milyon manata qaldırdı və bu kapitallaşma prosesi 2014-cü ildə yekunlaşdı. Bu addımın böyük faydası oldu. Mərkəzi Bank özü bilmədən bankları elə bil ki, vəziyyətə hazırladı. O vaxt bankların sayının azaldılması məsələsi də gündəmə gəlmişdi. Amma elə oldu ki, hamıda neft pulları var, ona görə də hamı pul qoydu və kapital yüksəldi.
- Bankların kreditləri niyə geri qayıtmamalıdır, bu kreditlərin girovu yoxdur? Əgər banklar həmin pulları girovsuz veribsə, deməli həmin pullar tapşırıqla verilib. Belə görünür ki, bu pullar məmur biznesinə verilib və həmin məmurlar vəzifələrini itirdikcə bizneslər də bağlanır. Bu gün Azərbaycan Mərkəzi Bankı ciddi cəhdlə elan edir ki, bank sektorunun sağlamlaşdırılması aparılır. Əgər real biznes sağlam deyilsə, bank sektoru sağlam ola bilərmi?
- Mən bir qədər də dərinə gedərdim: iqtisadiyyat sağlam deyilsə, bank heç vaxt sağlam ola bilməz. Ona görə də həmişə deyirik ki, belə iqtisadiyyatın bundan yaxşı bankı ola bilməzdi. Siz düzgün vurğuladınız ki, əsas səbəb məmur biznesinə verilən kreditlərdir. Azərbaycan Beynəlxalq Bankında səbəb nəydi? Kreditlərdə milyonlarla pullar vardı. Mən niyə 1000 manat ala bilmirəm, amma milyonlarla pulu mənasız layihələrə yönəldirdilər. Dövlət bankı olduğu üçün istismar edildi, dövlətin pulu sui-istifadə olundu. Onunla da razıyam ki, məmurlar işdən çıxarıldı, biznesləri çökdü və nəticədə böyük problemlər yarandı. Fikir verin banklar da təsadüfi banklar deyildi, hansısa holdinqə bağlıdır, hansısa vəzifəli şəxsə məxsusdur. Onların “krışaları” getdikcə artıq banklar da silkələnir. Bizdə bankların rəqabət mühiti formalaşmayıb, və bunlar daha çox “parnik banklardır”. Çöldə tufan, böhran olsa da parnikin içindəkinə təsir etmir, təki qazı gəlsin. Vay o gündən ki, parnikin örtüyü balaca zədələnsin, içindəkinin hamısını şaxta vurub, məhv edəcək. Bu gün 4 bankın bağlanması o demək deyil ki, bank sektoru sağlamlaşdı. Ölkəyə hansısa bir xarici bank gələrsə, ölkə bankları rəqabət apara biləcəkmi? Bu suala cavab vermək çox çətindir.
- AMB sədri ilk açıqlamasında dedi ki, gərək biznesmenlər araşdırma aparıb, sonra bankda hesab açaydılar. Bəzi ölkələrdə fərdi sahibkarların vəsaitləri də qorunur. Ümumiyyətlə, aktiv biznesə zərər vurmağın mənfi tendensiyaları daha çoxdur.
- Nə qədər paradoksal olsa da hesab edirəm ki bu sahədə ən böyük problemi Əmanətlərin Qorunması Fondu (ADİF) yaradır. Bir tərəfdən elan olunur ki, əmanətlər qorunur, digər tərəfdən problemlər yaranır. Bağlanan dörd bankda 686 milyon manat həcmində fiziki şəxslərin qorunan əmanətləri var. Əmanətlərin Qorunması Fondu əhalinin pulunu qaytarır və sonra nə baş verir? Özü olur ən böyük kreditor. Yəni bankın əmlakı satılanda ən birinci fond bütün qorunan əmanətçilərə verilən pulu götürür. Yerdə heç nə qalmır, faktiki olaraq. Nəzərə alsaq ki, bağlanan bankların mənfi 150, 200 milyon kapitalı varsa, bu nə deməkdir? Fonddan sonra da növbəlilik üzrə işçilərin, hətta işçilərin sosial müavinətləri, müvəqqəti inzibatçının əmək haqqları ödənilir. Hətta bundan sonra da dövlətin vergi və sosial sığorta haqqları ödənilir. Bundan sonra biçarə sahibkarlara növbə çatır.
- Yəqin ki, artıq onlara növbə də çatmır...
- Burdan o nəticə ortaya çıxır ki, dövlət öz üstünlüyündən istifadə edərək özünə məxsus borcu geri götürür. Yenə də zərbə alıtında özəl sektor qalır. Bu məsələ artıq böyük bir problem yaradıb. Rusiyada, Qazaxıstanda fərdi sahibkarların da vəsaitləri qorunur. Düşünürəm ki, bu bizdə sığorta sisteminə daxil edilməli idi ki, sabah yaranacaq problemin əhatə dairəsi daralsın. Burada artıq sığorta mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranır. Xatırladım ki, maliyyə naziri Samir Şərifov açıqlamalarının birində hüquqi şəxslərin vəsaitlərinin qorunması məsələsinə də toxunmuşdu, amma sonra bununla bağlı heç bir iş görülmədi.
- Bankların əmlakının satılaraq, depozitlərin ödənilməsi məsələsinə toxunduq. Bağlanan bankların əmlaklarını ADİF satır. Amma hərracların şəffaf keçirildiyini demək çətindir. Tutaq ki, ADİF 20 avtomobilin hərraca çıxarıldğını elan edir. Və nəticə belə elan olunur ki, 20 avtomobil satıldı. Həmin əmlaklar neçəyə satıldı, nə qədər vəsait əldə olundu bu barədə heç bir məlumat yoxdur. Mən sahibkaram, bankda pulum batıb və ADİF də açıq deyil. Bu prosesin özü sektorun sağlam olmadığını göstərmirmi?!
- Sizinlə tam razıyam. ADİF indi heç açıqlamır ki, əmanətlərin neçə faizi sığortalanır. 2014-cü ilə qədər açıqlanırdı ki, 45-50 faizi qorunan əmanətlərdir. İndi heç onu da açıqlamır.
- Bu qədər əhəmiyyətli bir qurumun açıqlanan audit hesabatında da hansısa ciddi təhlilə rast gəlməzsiniz. Ləğvedici kimi ADİF hazırda ən qapalı qrumdur.
- Düzdür, onu mən də görmüşəm. Əsasən fəaliyyət hesabatlarında bu məsələlər öz əksini tapmalıdır. Fəaliyyət hesabatı isə yoxdur. Bu məsələlər isə nəticədə biznesin banklara inamını zəiflədir.