MALİYYƏ

"Qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcmi artıb"

 Ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 2018-ci ilin 9 ayında valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib.

"BI" bu barədə Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalına istinadən xəbər verir.

“Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 17,7 mlrd. ABŞ dollar ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%- i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 66,9%-i banklararası valyuta bazarında (BVB), 33,1%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb. 

Hesabat dövründə BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53,6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 11,8 mlrd. dollar ekvivalentində olub ki, bunun da 51,2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 3,9 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Mərkəzi Bank tərəfindən ümumilikdə 75 valyuta hərracı keçirilib. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 4 289,4 mln. ABŞ dolları təşkil edib.

İcmalda qeyd olunub ki, 2018-ci ilin 9 ayında valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department