Azərbaycanda əhali 3 milyon manat əmanətini itirə bilər
Lisenziyaları ləğv edilmiş 4 bankda əhalinin təxminən 3 milyon manat qorunmayan əmanəti var.
Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Təxminən 99%-dən yuxarı qorunan əmanətlərdir. Qorunmayan cəmi 3 milyon manat əmanət var. Burada da müxtəlif səbəblər var: bank ilə əlaqədar şəxslər var, yüksək faizlərə risk edənlər var, ola da bilsin ki, məlumatsızlar var”, - o deyib..
Qeyd edək ki, qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.
Mərkəzi Bank dünən açıqlamasında qeyd etmişdi ki, lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank AtaBank, Amrahbank, AgBank və NBC Bank-ın lisenziyalarını ləğv edib.