Sosial iqtisadiyyat

Milli Məclis 14 qanuna dəyişiklik edəcək

Mayın 12-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisdən  verilən məlumata görə, iclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli müzakirəyə təqdim edilən məsələ barədə məlumat verib.

Vurğulanıb ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlara - bütövlükdə 14 sənədə təklif edilən dəyişiklik 2018-ci il 31 may tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun icrası ilə əlaqədardır.

Təklif olunan dəyişikliklər ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqi dünya təcrübəsinə əsaslanır. Yuxarıda adı çəkilən qanuna uyğun olaraq sözügedən sənədlərdə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib.

İclasda çıxış edən komitə üzvləri Sahıb Alıyev, Cavanşir Paşazadə, Anar İsgəndərov, Sevinc Fətəliyeva, Malik Həsənov, Azər Badamov, Ceyhun Məmmədov, İqtisadi və sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev təklif edilən dəyişikliklərin ölkəmizdə əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəldiyini diqqətə çatdırıblar.

İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department