Sənaye

Dənizdə böyük estakada tikilir

Xəzər dənizində son on ildə suyun səviyyəsinin 2 metrə qədər aşağı düşməsi ölkənin dördüncü böyük elektrik stansiyası olan “Sumqayıt” Elektrik Stansiyasının işini dayandırmaq təhlükəsi ilə üzləşdirib”.

 Bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, 2004-cü ildə “Sumqayıt” Elektrik Stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin kritik həddə düşməsi soyutma suyunun götürülməsində ciddi problem yaradıb.

Məhz buna görə də, 2018-ci ildə “Azərenerji”də aparılan islahatlardan sonra yaranmış problemi aradan qaldırmaq üçün əməli işə keçilib. Daha doğrusu elektrik stansiyasını dayanmaq təhlükəsindən çıxarmaq üçün Xəzər dənizinin içərisinə doğru, soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakadanın tikintisinə başlanılıb. Artıq işin 80 faizi görülüb. Tikinti prosesi növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, “Sumqayıt” Elektrik Stansiyasında digər sahələrdə aparılan təmir işləri ilə yanaşı estakadada aparılan tikinti prosesi də yaxın 2 ayda yekunlaşacaq və qurğu istismara veriləcək. Bununla da MDB məkanında ilk dəfə olaraq soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala, oradan isə stansiyaya ötürülməsi sistemi yaradılmaqla yanaşı, “Sumqayıt” Elektrik Stansiyası dayanmaq təhlükəsindən xilas ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department