Bank

Əhalinin “Atabank” və “AmrahBank”dakı əmanətlərinin taleyi ilə bağlı AÇIQLAMA

Əhalinin lisenziyası ləğv olunan “Atabank” ASC və “Amrah Bank” ASC-dəki qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən tam ödəniləcək.

ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Məlumatda deyilir ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək.

“Fondun vəsaiti çatmasa, mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaq. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.

“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək”, - deyə Mərkəzi Bankın məlumatında deyilir.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department