3,9 milyon manata yaradılan müəssisə gündəlik 120 min tibbi maska istehsal edəcək
Aprelin 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Media nümayəndələrinə məlumat verilib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan verir.
İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib.
Bununla yanaşı, Sumqayıt Kimya Sənaye Parkının rezidenti "MST Engineering Services" MMC sosial məsuliyyətdən çıxış edərək, Sənaye Parkının ərazisində ona məxsus istehsal sahəsinin bir hissəsini tibbi maska istehsalı müəssisəsi üçün ayırıb.
Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular isə Balaxanı Sənaye Parkının rezidenti fərdi sahibkar Etibar Eminov tərəfindən istehsal edilir.
Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb.
Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.
Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO 17050-1 standartlarına uyğun xammaldan birinci mərhələdə gündəlik 120 min tibbi maska istehsal ediləcək. Qeyd edək ki, maskalar qablaşdırmadan öncə xüsusi avadanlıqla əlavə sterilizasiya olunur.
Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələ çərçivəsində istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaqdır. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.