"Devalvasiya ilə inflyasiyada sıçrayış baş verə bilər" - XƏBƏRDARLIQ
“Neft qiymətlərinin davamlı olaraq azalması nəticəsində, 2016-cı ildə kimi, məzənnənin tənzimlənməsi zəruriliyi (devalvasiya), inflyasiyada isə sıçrayış meydana çıxa bilər.
ENA.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının yaydığı məlumatda deyilir.
"İqtisadi aktivliyin səngiməsi fonunda inflyasiya dərəcəsinin 2020-ci ildə 2.5 faizədək enərək cüzi həcmdə zəifləyəcəyi, fərdi istehlakın gücləndirilməsi yönümündə sosial məqsədli xərclərin artımının ləngidilmiş effekti zəminində isə 2021-ci ildə 3.5 faizədək artacağı proqnozlaşdırılır. Bu proqnoz göstəriciləri qida məhsullarına qiymətlərin mötədil artımına və məzənnənin stabil qalacağına dair ehtimallara əsaslanır.
Lakin, sosialyönümlü xərclərin kəskin artımının, habelə minimal əməkhaqqı həddinin artırılması səbəbindən respublika üzrə əmək haqlarının yüksəlişinin əlavə inflyasiya təzyiqlərinin yaranması ilə nəticələnəcəyi gözlənilir. Neft qiymətlərinin davamlı olaraq azalması nəticəsində, 2016-cı ildə kimi, məzənnənin tənzimlənməsi zəruriliyi, inflyasiyada isə sıçrayış meydana çıxa bilər",- məlumatda deyilir.
Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankının proqnozuna görə, COVID-19 yeni növ koronavirus pandemiyası fonunda neft qiymətlərinin aşağı düşməsi 2020-ci ildə Azərbaycanda iqtisadi artım tempinin 0.5 faizədək enməsinə səbəb olacaq. Qiymətlərin bərpası ilə neft-qaz hasilatının yükəsilişi hesabına 2021-ci ildə iqtisadi artımın 1.5 faizədək artacağı proqnozlaşdırılır.