"Manatın dəyərdən düşməsi riski artıb, problemli kreditlər yüksələ bilər"
"Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı mübarizə istiqamətində gördüyü sərt tədbirlər iqtisadi fəallığa mənfi təsir göstərəcək. Bu təsirlər neft sahəsinin ölkə iqtisadiyyatı üçün vacibliyini nəzərə alaraq neftin ucuzlaşması ilə daha da dərinləşəcək".
Bu, “Moody`s” beynəlxalq kredit agentliyinin məlumatında deyilir.
"Koronavirusla bağlı məhdudiyyətlər, ehtimal ki, kiçik və orta müəssisələrə, eləcə də qeyri-ərzaq məhsullarının pərakəndə ticarəti, ictimai iaşə, nəqliyyat, turizm və digər sektorlarda məşğul olan şəxslərə təsir göstərəcək. İqtisadiyyata və kiçik və orta müəssisələrə dəstək tədbirlərinin həyata keçiriləcəyinin elan olunmasına baxmayaraq, problemli kreditlərin və risk dəyərinin əhəmiyyətli dərəcədə artmasını gözləyirik, çünki şirkətlər və fərdi şəxslər iqtisadi şəraitdə qəfil dəyişikliklərin öhdəsindən gəlməyə çalışırlar. Neftin ucuzlaşması manatın dəyərdən düşməsi riskini artırıb ki, bu da bankların riskli aktivlərinin, yüksək dollarlaşma payına malik aktivlərin həcminin artmasına gətirib çıxaracaq ki, nəticədə kapitallaşma da azalacaq", - deyə reytinq agentliyinin analitikləri hesab edirlər.
Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov, "Azərbaycan neftin istənilən qiymətinə hazırlıqlıdır. Mərkəzi Bankda və hökumətdə devalvasiya bir dəfə də olsun müzakirə edilməyib" bildirib.